Berti Foqts: Komandam məni qəzəbləndirib
19.05.2009 - 12:02
Berti Foqts: Komandam məni qəzəbləndirib
“Komandamın belə çıxışı məni çox məyus edir. Hətta deyərdim ki, qəzəbləndirib. İş o yerə çatıb ki, onların oyunlarını izləmək həvəsim də qalmayıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Məşhur “Bild” nəşrinə müsahibə verən 63 yaşlı almaniyalı mütəxəssis uzun illər formasını geydiyi Mönhenqladbax “Borussiya”sının Bundesliqadakı durumuna təəssüfləndiyini gizlətməyib. Foqts bir vaxtlar heyətində 419 oyun keçirib 33 qol vurduğu komandanın güclülər dəstəsində qalacağına inansa da, bunu başqalarının sayəsində gerçəkləşəcəyini düşünür: “Dotmund “Borussiya”sına uduzmamaqla Bundesliqada qalmaq olar. Lakin buna da inamım qalmayıb. Amma məncə, “Arminiya” ilə səfərdə qarşılaşacaq “Hannover” bizi müdafiə edəcək. Lakin mən “Borussiya”nın taleyinin həll olunduğu qarşılaşmanı stadiondan izləyə bilməyəcəyəm. Çünki cümə günü Azərbaycana uçuram. Dünya çempionatının seçmə oyununa az vaxt qaldığından hazırlıqlara başlamaq vaxtıdır”.

Qeyd edək ki, Bundesliqada 33 turdan sonra hesabında 30 xal olan və 15-ci pillədə qərarlaşan mönhenqladbaxlılar “Arminiya”nı üç xal qabaqlayır. Yığmamızda Foqtsun köməkçilərindən olan Uli Ştaynın sabiq komandası həm üç xal fərqini, həm də iki komanda arasındakı 4 top fərqini aradan qaldırmalıdır.
0