AFFA-dan növbəti yenilik: Məktəbli qızlar arasında futbol yarışı
19.05.2009 - 12:21
AFFA-dan növbəti yenilik: Məktəbli qızlar arasında futbol yarışı
Bu gün AFFA-nın təşkilatçılığı ilə 12-15 yaşlı qızlardan ibarət komandalar arasında mini-futbol turniri start götürüb. AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, yarışın keçirilməsində əsas məqsəd milli komandaya layiqli namizədlər tapmaqdır.

“Assosiasiya rəhbərliyi ölkəmizdə futbolun bütün sahələrini, o cümlədən qadın futbolunu diqqətdə saxlayır. Yeniyetmə qızlar, qadınlar arasında tez-tez turnirlər keçirilir. Belə yarışlardan biri bu gün başlanıb. Məqsəd seleksiya işləri aparmaq, milli komandanı gücləndirməkdir” - deyə Məmmədov vurğulayıb.

Baş katib bildirib ki, gələcəkdə müxtəlif yaş qruplarından ibarət qızlar arasında mütəmadi olaraq, yarışlar təşkil ediləcək.

Bu gün startı verilən turnirdə Sabunçu, Xətai, Nizami və Yasamal rayonlarında yerləşən orta ümumtəhsil məktəblərini təmsil edən 7 komanda mübarizə aparır. Oyunlar AFFA-nın Futbol Akademiyasının meydançasında keçirilir. Turnir mayın 23-də yekunlaşacaq.
0