Sabah UEFA kubokunda tarixi final olacaq
19.05.2009 - 12:54
Sabah UEFA kubokunda tarixi final olacaq
Sabah UEFA kubokunda 2008/09 mövsümünün qalibi müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, İstanbulun “Şükrü Saracoğlu” stadionunda keçiriləcək final oyununda Ukraynanın “Şaxtyor” və Almaniyanın “Verder” klubları görüşəcəklər.

Turnirin 38-ci finalının tarixə düşəcəyini desək, yanılmarıq. Məsələ burasındadır ki, UEFA kuboku adı altında sonuncu dəfə keçirilən turnir yeni mövsümdən Avroliqa adlanacaq. Bu mənada həm “Şaxtyor”, həm də “Verder” UEFA kubokunun sonuncu qalibi kimi tarixə düşməyə çalışacaq. Bundan əlavə, hər iki komanda öz çempionatlarında qızıl medal uğrunda mübarizədə istəyinə çatmayıb. İndi bunun əvəzini çıxmaq üçün avrokuboklarda titul qazanmaq imkanı yaranıb.

Finalçılar cari mövsümdə avrokuboklarda mübarizəyə Çempionlar Liqasında başlasalar da, öz qruplarında 3-cü yeri tutduqlarından 1/8 finala çıxa bilməyiblər. Daha sonra UEFA kubokuna qatılan “Şaxtyor” və “Verder” 1/16 finaldan etibarən rəqiblərini sıradan çıxarıblar.

İndiyədək “Şaxtyor” nəinki avrokubokların qalibi olmayıb, tarixində heç finala da çıxmayıb. Rəqibindən fərqli, qitə miqyaslı turnirin finalına bir neçə dəfə çıxan “Verder”in yalnız bir cəhdi uğurlu olub. Belə ki, Bremen təmsilçisi 1991/92 mövsümündə artıq tarixin yaddaşına köçən Kuboklar Kubokunu qazanıb.

“Şaxtyor”la “Verder”in ilk dəfə rəsmi oyun keçirəcəyi “Şükrü Saracoğlu” stadionu birincilərin baş məşqçisi Mirça Luçesku üçün yaxşı tanış məkandır. Axı, Donetsk klubunun təcrübəli rumın çalışdırıcısı Türkiyədə “Qalatasaray” və “Beşiktaş” klublarını çalışdırdığı zamanı “Fənərbaxça” ilə bu arenada derbi oyunlarının iştirakçısı olub. “Şükrü Saracoğlu”da əksər vaxt uduzan Luçeskunun bu dəfə nəyə nail olacağını yaxın gələcək göstərəcək.

Bakı vaxtı ilə saat 23:45-də başlayan “Şaxtyor” - “Verder” oyunu 45 yaşlı Luis Medino Kantalexonun başçılıq etdiyi ispaniyalı hakimlər briqadasına tapşırılıb. Kantalexoya həmyerliləri Xesus Kalvo Quadamuro, Roberto Dias Palomar və Alfonso Peres Burul yardımçı olacaqlar. İspan hakimlərin işinə rusiyalı hakim-inspektor Sergey Zuyev qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə avstriyalı Herhard Kapldır.
0