Ruslar Azərbaycan komandasında “inqilabçı” tapıblar
19.05.2009 - 13:18
Ruslar Azərbaycan komandasında “inqilabçı” tapıblar
Rusiyanın “Sport-Ekspress” qəzetində Qazaxıstanın Almatı şəhərində keçirilmiş “Prezident Kuboku” uğrunda turnir haqda yazı dərc olunub. Apasport.az saytının məlumatına görə, yazıda Azərbaycanı bu turnirdə təmsil etmiş AFFA-nın Futbol Akademiyasının “Akademiya” komandasının çıxışı haqda da fikirlər yer alıb.

Rusiyalı jurnalistlər komandamızı əcnəbi məşqçinin çalışdırması ilə fərqləndiriblər. Demə, “Akademiya” turnirdə baş məşqçisi əcnəbi olan yeganə komanda imiş. Söhbət almaniyalı Oliver Pelzerdən gedir.

Azərbaycan komandasında adı çəkilməyən rəhbər şəxslərdən biri ümumilikdə futbolumuzun inkişafı haqda danışıb: “Bizim federasiya - AFFA alman mütəxəssislərlə müqavilə imzalayıb. Onlar 15 yaşdan tutmuş 21 yaşadək futbolçulardan ibarət yığmalarımıza rəhbərlik edirlər. Əcnəbi çalışdırıcıların vəzifələri daha istedadlı futbolçuları üzə çıxarmaqdır. Eyni zamanda, klublar indi fəal olaraq, öz uşaq məktəblərində işləməyə türkiyəli mütəxəssisləri dəvət edirlər. Ancaq mənim şəxsi fikrim belədir ki, öz məşqçilərimiz heç də zəif deyillər. Sadəcə, əvvəllər lazımı şərait yox idi. Əcnəbilər deyən kimi istənilən inventar dərhal onların sərəncamında olur. Heç olmasa bunun bizə faydası dəyəcək. Xaricilər çıxıb getdikdən sonra bütün inventar yerli mütəxəssislərə qalacaq”.

Yazı ilə tanış olarkən məlum olur ki, adı deyilməyən həmin şəxs futbolumuzun əcnəbilərin vasitəsilə inkişaf edəcəyini düşünmür: “Mən elə də inanmıram ki, əcnəbilər futbolumuzun səviyyəsini qaldırmağa nail olacaqlar. Gürcüstandan olan həmkarlarımla söhbət etdim. Vaxtilə onlarda da almanlarla bağlı bum var idi. Lakin heç bir nəticəsi olmadı”.

Qeyd edək ki, “Akademiya” Qazaxıstandakı turnirdə 8 komanda arasında 7-ci yeri tutub.
0