İngiltərə - Azərbaycan oyunu “Neftçi”ni dayandıran hakimə tapşırıldı
19.05.2009 - 14:45
İngiltərə - Azərbaycan oyunu “Neftçi”ni dayandıran hakimə tapşırıldı
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının növbəti yoxlama oyununu idarə edəcək hakimlərin adları məlum olub. Apasport.az saytının məlumatına görə, yığmamızın İngiltərə ilə səfərdə keçirəcəyi matçda ədaləti avstriyalılar qoruyacaq.

İyunun 8-də Bakı vaxtı ilə saat 23:30-da Milton Keynes şəhər stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Robert Şoergenhofer olacaq. Bu hakim ötən il iyulun 26-da “Neftçi”nin İntertoto kubokunun üçüncü mərhələsində mübarizəni dayandırmasını rəsmiləşdirib. İlk matçda Rumıniyanın “Vaslui” klubunu üstələyən bakılılar cavab qarşılaşmasında 0:2 hesabı ilə uduzaraq, yarışla vidalaşıblar.

2007-ci ildən FİFA hakimi olan 36 yaşlı referiyə həmyerliləri Alan Hoksa və Mario Strudl kömək edəcək. Qarşılaşmanın ehtiyat hakimi isə ingiltərəli Kevin Friend olacaq.

Qeyd edək ki, İngiltərə ilə oyuna qədər U-21 daha iki matça çıxacaq. Bernard Lippertin yetirmələri mayın 20-də Lənkəranda Özbəkistanı qəbul edəcək. İyunun 3-də yığmamız Türkiyənin qonağı olacaq.

8 iyun. İngiltərə - Azərbaycan

Hakim: Robert Şoergenhofer (Avstriya)
Hakimin köməkçiləri: Alan Hoksa, Mario Strudl (hər ikisi Avstriya)
Dördüncü hakim: Kevin Friend (İngiltərə)
0