Rumıniyada Nadir Qasımovun “rekordu” təkrarlandı
19.05.2009 - 22:18
Rumıniyada Nadir Qasımovun “rekordu” təkrarlandı
Rumıniyalı mütəxəssis Mariuş Leketuş cari mövsümdə ikinci dəfə Buxarestin “Styaua” klubunun baş məşqçi postundan istefa verib. Apasport.az saytının məlumatına görə, ötən əsrin 80-ci illərində həm Çempionlar Kubokunu, həm də UEFA Superkubokunu qazanan komandanın çalışdırıcısı çempionatın sonuna 3 tur qalmış vəzifəsindən gedib.

Hazırda turnir cədvəlində 7-ci yerdə qərarlaşan “Styaua” cari mövsümdə uğursuz çıxış edərək, avrokuboklardan kənarda qalmaq təhlükəsi ilə üzləşib. Leketuş bildirib ki, qəbul etdiyi qərarlar düzgündür. Çempionatın qalan 3 oyununda baş məşqçi səlahiyyətlərini Mariuşun köməkçisi olmuş Massimo Pedratsini icra edəcək.

Leketuş ilk dəfə 2008-ci ilin oktyabrında Çempionlar Liqasında Fransanın “Lion” klubuna 3:5 hesablı məğlubiyyətdən sonra istefa vermişdi. Həmin vaxt onu əvəzləyən Dorinel Muntyanu bu vəzifədə cəmi 2 ay işləyə bilmişdi. Belə ki, “Styaua”nın sahibi Cici Bekali 2008-ci ilin dekabrında Leketuşdan baş məşqçi postuna qayıtmağı xahiş edib. İndi klubun sahibi yeni baş məşqçi axtarır. Namizədlər vaxtilə “Styaua”nı çalışdırmış italyan Valter Zenqa və ukraynalı Oleq Protasov, habelə rumınlar Dan Petresku, Basarab Panduru və italyan Kristian Berqdodidir.

Qeyd edək ki, Leketuşun bu göstəricisi cari mövsümdə Azərbaycan Premyer Liqasında müşahidə olunub. Onun azərbaycanlı həmkarı Nadir Qasımov da bir mövsümdə iki dəfə baş məşqçi postundan gedib. Ancaq fərq burasındadır ki, Leketuş bir, Qasımov isə iki klubla (“Bakılı” və “Muğan”) əməkdaşlığa son verib.
0