“Mən verilən pulu xərcləmirdim, kitab arasında saxlayırdım”
19.05.2009 - 15:52
“Mən verilən pulu xərcləmirdim, kitab arasında saxlayırdım”
“Baş məşqçi postunda qalıb-qalmayacağım hələ bəlli deyil. Buna klub prezidenti Misir Əbilovla görüşümdən sonra aydınlıq gələcək. Onunla yaxın günlərdə söhbətləşəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakılı” klubunun baş məşqçisi Bəxtiyar Qulamov deyib.

Azərbaycan Premyer Liqasının son mövsümündə 15-ci yeri tutan komanda bir illik fasilədən sonra yenidən birinci diviziona qayıdıb. Qulamov bildirib ki, “Bakılı”nın gələcək taleyinə aydınlıq gəlməsi vacibdir: “Əvvəl bilməliyəm ki, birinci dəstədə komanda olacaq, ya yox. Aşağı divizionda “Bakılı”nın çalışdırıcısı kimi işləyəcəyimi indidən deməyə çətinlik çəkirəm. Misir Əbilovla münasibətlərim yaxşıdır. Biz qardaş kimiyik, o, məni böyük qardaşı sayır. Mən “Bakılı”ya baş məşqçi kimi gəlməmişdim. Klubda Məşqçilər Şurasına rəhbərlik edərək, bütün komandalar üzrə kuratora idim. Sadəcə, Nadir Qasımovun ilk dövrənin ortasında gedişindən sonra baş məşqçi postuna keçməli oldum. Prezident mənə bu haqda müraciət etdi və mən də əsas komandaya mövsümün sonuna qədər bacardığım köməyi etdim”.

Qulamov “Bakılı”nın heyət baxımından potensialını Premyer Liqanın digər klubları ilə müqayisədə zəif olduğunu etiraf edib. “Neftçi”nin sabiq müdafiəçisinin fikrincə, autsayder komandalarda güclü mütəxəssisə də nəticə qazanmaq çox çətindir: “Mənəm-mənəm deyən məşqçilər gəlib “Bakılı”da işləsinlər. Komandanın uğursuz çıxışına görə mənim də ürəyim yanır. İstəyirəm ki, nəticə olsun, amma belə şəraitdə buna nail olmaq çox çətindir. “Bakılı” yeganə komandadır ki, yalnız yerli futbolçuların xidmətindən istifadə etdi. Məndə 5-6 güclü futbolçu, legioner olsaydı, bütün komandalara sinə gərərdim. Ancaq belə heyətlə Premyer Liqada qalmağa gücümüz çatmır”.

Qulamov futbolçulara ilk növbədə pulu yox, oyunu düşünməyi tövsiyə edib: “SSRİ dövründə “Neftçi”də 8-9 il oynamışam. Bloxin, Şengeliya, Qutsayev, Yartsev kimi futbolçulara qarşı çıxış etmişəm. Biz pul yox, ilk növbədə yaxşı oyun haqda fikirləşirdik. İlk qazancım 60 manat olub, onu da 4 oyundan sonra vermişdilər. Dedilər ki, çəkdiyin əziyyəti qiymətləndiririk. “Neftçi”nin heyətində Moskva “Spartak”ı üzərində qələbə qazandığımız oyundan isə səhv eləmirsə, 200 manat mükafat almışdım. Onu da xərcləmirdim, kitab arasında saxlayırdım”.
0