Azərbaycanlı hakimləri hər yerdə söyürlər...
19.05.2009 - 16:09
Azərbaycanlı hakimləri hər yerdə söyürlər...
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, Azərbaycan Premyer Liqasının XXVI turunda keçirilən “Xəzər-Lənkəran” - “Simurq” matçında qonaqların 5, “Standard” - MOİK matçında isə meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki klub 1000 manat cərimə olunub. “Bakılı” - “İnter” matçının 40-cı dəqiqəsində meydançaya kənar əşya atıldığından meydan sahibləri 2000 manat ödəməli olacaqlar. “Karvan” - “Qarabağ” matçının 76-cı dəqiqəsində birincilərin futbolçusu Əziz Quliyev vaxtı uzatdığına görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb və klubunu 200 manat ziyana salıb.

Premyer Liqada yarışan klubların əvəzedici heyətlərinin XXVI turunun “Bakı” - “Muğan” matçında qırmızı vərəqə alan Rüfət Məmmədov hakimi təhqir etdiyinə görə 2 oyunluq cəzalandırılıb və qonaqlar 1000 manat xərcə düşüb. Oyunun 88-ci dəqiqəsində “Muğan”ın digər futbolçusu Ceyhun Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb ki, bu da komandasına 100 manata başa gəlib. “Karvan” - “Qarabağ” matçının 64-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Saleh Eyvazov idmançıya yaraşmayan hərəkət etdiyindən ikinci sarı vərəqə ilə cəzalandırılıb. O, 1 oyunluq cəzalandırılmaqla yanaşı, yevlaxlılar 100 manat cərimə verəcəklər.

Azərbaycan çempionatının I divizionunun XXVIII turunun “Anşad-Petrol” - “ABN-Bərdə” matçında kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan Nuriyyət Abdullayev 1 oyunluq cəzalandırılıb, klub isə 20 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Anşad-Petrol”un futbolçusu Ruslan Əkbərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, klub isə 200 manat cərimələnib. “Ədliyyə” - “Qafqaz Universiteti” matçının 59-cu dəqiqəsində qonaqların futbolçusu Kənan Kərimov “sonuncu ümid folu”na görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə AFFA-nın büdcəsinə 20 manat ödəyəcək. Oyun başa çatdıqdan sonra “Qafqaz Universiteti”nin futbolçusu Xətai Bağırov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, klub isə 200 manat cərimə olunub.

“Energetik” - “Göyəzən” matçının 87-ci dəqiqəsində qonaqların futbolçusu İsmayıl İbrahimov hakimi təhqir edərək, birbaşa qırmızı vərəqə alıb. O, iki oyunluq diskvalifikasiya edilib, komandası isə 200 manat cərimələnib. Matç bitdikdən sonra “Energetik”in futbolçusu Aqşin Salahov rəqibi əllə vurduğundan birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən o, 2 oyunluq cəzalandırılıb, klubuna isə 200 manat pul cəriməsi kəsilib.

“Şahdağ” - “Spartak” matçında qonaqlar üzrlü səbəb olmadan oyuna gəlmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. “Spartak” 500 manat cərimə olunub.

17 yaşlılardan ibarət komandalar arasında Azərbaycan birinciliyinin “Bakılı” – “Standard” matçında təcili tibbi yardım maşını olmadığından meydan sahibi “Bakılı” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

15 yaşlılardan ibarət komandalar arasında Azərbaycan birinciliyinin “Qəbələ” – “Simurq” matçının 55-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Sərdar Qafarov hakimi təhqir etdiyindən texniki zonadan kənarlaşdırılıb və 4 oyunluq cəzalandırılıb. “İnter” - “Vətən” matçının 26-cı dəqiqəsində isə birincilərin məşqçisi Xəyyam Bəkirov hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya məruz qalıb.

Futzal üzrə həvəskarlar arasında respublika birinciliyinin “İnteqral” - “Timsport” matçında da hakimlər təhqirə məruz qalıb. Matç başa çatdıqdan sonra “İnteqral” klubunun futzalçıları Aydın Babayev və Tərlan Məstiyev hakimi təhqir etdiyinə görə hər ikisi 2 oyunluq cəzalandırılıb.
0