Şakirinin şirin xəyalları
19.05.2009 - 16:20
Şakirinin şirin xəyalları
“Bu mövsümü aktivimizə yazmaq üçün ölkə kubokunun finalında mütləq qələbə qazanmalıyıq. Bizim komandamız heç də “İnter” dən zəif deyil”. Apasport.az-ın məlumatına görə, bu fikirləri “Qarabağ”ın makedoniyalı yarımmüdafiəçisi Artim Şakiri klubun rəsmi İnternet saytına açıqlamasında deyib.

Ötən yaydan ölkəmizdə çıxış edən Makedoniya yığmasının 36 yaşlı sabiq lideri mövsümü titulla başa vurmaq iddiasındadır. Bir çox ölkələrdə legioner həyatı yaşamış, çoxsaylı titulların sahibi Şakiri Azərbaycan kuboku uğrunda “İnter”lə mayın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək final oyununda yalnız qələbəyə köklənib: “Əgər burdayamsa, komandama ən yaxşısını verməliyəm. Bilirəm ki, bu oyunda məndən çox şey gözləyirlər. Qəti deyəcəm - kolleksiyama Azərbacan kubokunu əlavə etmək istəyirəm. Həftəsonu sübut edəcəyik ki, “Qarabağ” Avropaya getməyə layiqdir. Təbii ki, bunu qazandığımız qələbəylə sübuta yetirəcəyik. Rəqibə hörmət etsək də, onlar bizdən çəkinməlidir. “Qarabağ” böyük oyunların komandasıdır”.

Qeyd edək ki, “Qarabağ” kuboku qazanmasa, Avroliqaya “Xəzər-Lənkəran” yollanacaq.
0