“Dəfələrlə xahiş etmişdik ki, Azərbaycanla oyunumuz iyuna salınmasın”
19.05.2009 - 17:11
“Dəfələrlə xahiş etmişdik ki, Azərbaycanla oyunumuz iyuna salınmasın”
“Azərbaycan yığması ilə qarşılaşmaya tam hazır olmadığımızdan ehtiyatlanıram. Əksər futbolçularımız İngiltərə Premyer Liqasından kənarda oynadığından onlar üçün artıq bir həftədir mövsüm bitib. Bu müddətdə forma geyinməyən oyunçularla isə seçmə görüşə çıxmaq təhlükəlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Uels milli komandasının futbolçusu Robert İrnşou deyib.

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da keçiriləcək matçda Azərbaycan yığmasının qonağı olacaq britaniyalıların 28 yaşlı hücumçusu yayda futbol oynamaqdan çəkinir: “Lakin Estoniya ilə keçirəcəyimiz yoxlama matçının oyun təcrübəsi baxımından əziyyət çəkən futbolçularımızın karına gələcəyinə inanıram. İyunda Bakıda isti və rütubətli havada oynamaq çətin olur. Dəfələrlə xahiş etmişdik ki, yığmanın qarşılaşmalarını bu vaxta salmasınlar. Ümumiyyətlə, FİFA ağır mövsümün ardından belə bir vaxta oyun təyin etməməli idi. Amma nə etmək olar, biz peşəkar olduğumuzdan istənilən halda oynamalıyıq”.

İngiltərənin “Nottingem Forest” klubunun şərəfini qoruyan İrnşou Azərbaycanla əvvəlki görüşləri unutmayıb: “Biz Azərbaycan yığmasını çox yaxşı tanıyırıq. Bilirik ki, onlar necə layiqli rəqibdir. Üstəlik isti və rütubət də qələbə qazanmaq yolunda işimizi çətinləşdirəcək. Mən əvvəllər də iki dəfə Azərbaycanda olmuşam. Orada futbol oynamağın necə çətin olduğunu da bilirəm. Buna baxmayaraq, topa nəzarət etməli, oyunun ipini öz əlimizdə saxlamalıyıq ki, Bakıdan nəticə ilə qayıdaq”.

Qeyd edək ki, yığmada 43 oyuna 13 qol vuran İrnşouv Bakıda da iki dəfə fərqlənib. 2004-cü il Avropa çempionatının seçmə mərhələsində hər iki topa qonaqlar imza ataraq qalib gəliblər. 2006-cı ilin dünya çempionatının seçmə mərhələsində isə rəqiblər hərəyə bir qola imza atıblar.
0