Oliver Kan: Əminəm ki, Azərbaycanla görüşdə xal itirməyəcəyik
19.05.2009 - 17:30
Oliver Kan: Əminəm ki, Azərbaycanla görüşdə xal itirməyəcəyik
“Rusiya yığması dünya çempionatının final mərhələsinə çıxmaq üçün bundan sonra heç bir matçda uduzmamalıdır. Hətta rusiyalılar heç-heçə etməyə də imkan verməməlidirlər. Əgər bu, Almaniya ilə oyuna qədər alınarsa, Rusiya sonradan üstəlik bizi də məğlub edərək, qrupda birinci yeri tuta bilər”. Apasport.az saytının məlumatına görə, bunu “Bavariya” klubunun və Almaniya milli komandasının sabiq qapıçısı Oliver Kan deyib.

Azərbaycan milli komandası 2010-cu il dünya çempionatının seçmə mərhələsində Almaniya və Rusiya yığmaları ilə eyni qrupda yer alıb. Almanlar növbəti rəsmi oyununu məhz bizə qarşı keçirəcəklər. Bu görüş avqustun 12-də Bakıda olacaq. Rusiya mətbuatına müsahibə verən Kan şimal qonşularımızı qrup qalibi olmaq uğrunda mübarizədə əsas rəqibi sayır. Ancaq 40 yaşlı veteran birinci yerin taleyinin oktyabrın 10-da Moskvada keçiriləcək Rusiya - Almaniya matçında həll ediləcəyi ilə razılaşmır. Kan uzun müddət şərəfini qoruduğu yığmanın milli komandamızla oyunlarda qələbə qazanacağına şübhə etmir: “Baxın, Rusiya Lixtenşteyni cəmi 1:0 hesabı ilə məğlub etdi... Hər zaman belə hissiyyat olur ki, ruslar hansısa yüngülxasiyyətlilik ucbatından əvvəl-axır haradasa xal itirəcəklər. Əgər bu, baş verərsə, onlar qrupda birinci olmayacaqlar. Almanlar isə çox sabitdirlər. Əminəm ki, onlar heç yerdə xal itirməyəcəklər. Bu, Rusiya ilə görüşdə də mümkündür”.

Qeyd edək ki, yığmamız hazırda qrup lideri olan Almaniya ilə səfər oyununu sentyabrın 9-da Hannover şəhərində keçirəcək.
0