Qəhrəman Əliyev: nə oldu sənə, nə oldu böylə?
19.05.2009 - 23:05
Qəhrəman Əliyev: nə oldu sənə, nə oldu böylə?
“Birinci divizionda çalışmağa hazıram. Əsas odur ki, komandanın şəraiti olsun”. Bu sözləri apasport.az saytına açıqlamasında MOİK-in sabiq baş məşqçisi Qəhrəman Əliyev deyib.

Azərbaycan Premyer Liqasının axırıncı turundan sonra istefa verən 50 yaşlı mütəxəssis “hərbçilər”dən ayrılmasının səbəbini açıqlayıb: “MOİK-lə müqaviləmin müddəti bitib. Lakin qərara almışam ki, özümə yeni komanda tapım. Düzdür, klub rəhbərliyi ilə görüşüb danışmamışıq. Lakin yeni müqavilə təklif olunsa belə, burada qalmayacağımı qətiləşdirmişəm. Buna səbəb heç də Premyer Liqanı tərk etməyimiz deyil. Sadəcə, şəraitsizlikdə işləmək mümkün deyil”.

MOİK-də işləmək üçün uyğun mühitin olmadığını düşünən Əliyev klub rəhbərliyindən razıdır: “Rəhbərlikdən narazılığım yoxdur. Onlar komanda ilə maraqlanır, kömək etməyə çalışırdılar. Lakin təmirə bağlanan stadionun yoxluğu, məşq etməyə şəraitin olmaması ilə barışmalı olurduq. Gündə bir dəfə məşq etməklə isə nəyəsə nail olmaq mümkün deyil. Heyətimiz də başqalarından zəif idi”.

Əliyev gələcək karyerası ilə bağlı suala hələ aydınlıq gətirmədiyini vurğulamaqla yanaşı paytaxt klublarının hədəfində olduğunu da gizlətməyib: “Hələlik Masallıda istirahətdəyəm. Bir həftədən sonra Bakıya gələcəyəm. Konkret heç bir klubla danışıqlarımız olmasa da, variantlar var. Paytaxta gəldikdən sonra bu məsələlərə aydınlıq gətirəcəyəm. Yəqin ki, elə Bakı klubunda çalışaram. Həmin komandanın hansı dəstədə oynamasının fərqi yoxdur. Məşqçi öz içindən utanmamalıdır. İstər birinci divizion, istərsə də Premyer Liqa klubu olsun, təki şərait olsun. Mən “Masallı”da çalışanda birinci divizionda da güclülər dəstəsindən geri qalmayan şəraitimiz var idi. Şərait olan yerdə çalışmağa hazıram”.
0