Almaniya yığması Bakıya debütant futbolçularla gələcək?
20.05.2009 - 09:52
Almaniya yığması Bakıya debütant futbolçularla gələcək?
Azərbaycanla görüşdə Almaniya yığmasının heyətində yeni futbolçular oynaya bilər. Apasport.az saytının məlumatına görə, bundestimin baş məşqçisi Yoahim Löv avqustun 12-də Bakıda milli komandamıza qarşı keçiriləcək dünya çempionatının seçmə matçına hazırlıq məqsədilə Asiyaya apardığı heyəti açıqlayıb.

48 yaşlı mütəxəssis mayın 29-da Şanxayda Çin, iyunun 2-də Dubayda Birləşmiş Ərəb Əmirlikləri ilə görüşlərə 18 futbolçu çağırıb ki, onlardan da 5-i debütantdır. Gözlənildiyi kimi, “Ştutqart”ın üzvləri – müdafiəçi Kristian Treş və hücumçu Kakaunun adını siyahıya daxil edən Löv Kristian Gentner və Manuel Noyerə də dəvət göndərib. “Şalke”nin şərəfini qoruyan 23 yaşlı Noyer gənclər yığmasının da qapıçısı olub. Onun həmyaşıdı Gentner isə Bundesliqanın lideri “Volfsburq”un yarımmüdafiə xəttində çıxış edir.

Daha bir futbolçu ilk dəfə Almaniya yığmasının formasını geyinə bilər. “Hoffenhaym”ın üzvü Tobias Vays əvvəllər də Lövdən dəvət alaraq, toplanışa qatılsa da, meydana çıxmaq şansı qazanmayıb. Təcrübəli çalışdırıcı bir sıra liderləri, o cümlədən “Çelsi”nın şərəfini qoruyan kapitan Mihael Ballakı heyətə daxil etməyib. Onlar öz klublarındakı oyunlara görə Asiya səfərini buraxmalı olacaqlar. Bundan başqa, zədədən sonra bərpa prosesi keçən Miroslav Kloze və Sərdar Taski də səfərə yollanmayacaq. Əvəzində, İngiltərə “Midlsboro”sunun üzvü Robert Hut uzun fasilədən sonra yığmaya qaytarılıb.

Qapıçılar: Enke (“Hannover”), Noyer (“Şalke”).

Müdafiəçilər: Vestermann (“Şalke”), Fridrix (“Herta”), Hinkel (“Seltik”, Şotlandiya), Hut (“Midlsboro”, İngiltərə), Lam (“Bavariya”), Şefer (“Volfsburq”), Treş (“Ştutqart”).

Yarımmüdafiəçilər: Hitlsperger (“Ştutqart”), Gentner (“Volfsburq”), Troxovski, Yansen (hər ikisi “Hamburq”), Vays (“Hoffenhaym”), Şvaytnştayger (“Bavariya”).

Hücumçular: Podolski (“Bavariya”), Qomes, Kakau (hər ikisi “Ştutqart”).
0