“Simurq”un futbolçusunu nə maraqlandırır?
20.05.2009 - 13:42
“Simurq”un futbolçusunu nə maraqlandırır?
“Simurq”un üçüncü yeri tutması mənim üçün ən yaxşı assistent olmaqdan qat-qat önəmlidir. Amma bu göstəricinin məni az da olsa, sevindirmədiyini desəm, yalan danışmış olaram". Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun futbolçusu Kaxaber Çxetiani deyib.

31 yaşlı müdafiəçi komandasının vurduğu qollara töhfə verməsini böyük uğur saymır. Gürcüstanlı futbolçu klubun rəsmi İnternet saytına açıqlamasında qazanılan bürünc medalın daha dəyərli olduğunu bildirib: “Məni və bütün komanda yoldaşlarımı fərdi göstəricilər yox, kollektivin uğuru maraqlandırır. Məhz bunun nəticəsidir ki, layiqli olaraq, bürünc medallar qazandıq. Mövsüm ərzində 10 məhsuldar ötürmə verməyimə əsas səbəb komanda yoldaşlarımın hücumu sona çatdırarkən, çox diqqətli oynamaları idi. Həm də künc və cərimə zərbələrinin yerinə yetirməyim də bunda rol oynadı. Mən müdafiəçiyəm, əsas işim rəqib hücumlarının qarşısını almaqdır. İmkan düşdükcə, hücumlarda da iştirak etməyə çalışıram”.

Qeyd edək ki, Çxetiani 2008/09 mövsümündə Premyer Liqada 26 oyuna 10 məhsuldar ötürmə verib.
0