Arşavin “Zenit”ə, Pavlyuçenko isə “Spartak”a qayıdır
20.05.2009 - 14:46
Arşavin “Zenit”ə, Pavlyuçenko isə “Spartak”a qayıdır
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının iki aparıcı futbolçusu vətənə dönür. Apasport.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasında oynayan hücumçular Roman Pavlyuçenko Moskvanın “Spartak”, Andrey Arşavin isə Sankt-Peterburqun “Zenit” klubuna qayıdır.

Hazırda Pavlyuçenko “Tottenhem”, Arşavin isə “Arsenal”ın şərəfini qoruyur. Amma onlar İngiltərədən heç də bir dəfəlik ayrılmırlar. Adıçəkilən futbolçular fiziki formalarını qorumaq üçün keçmiş komandalarına dönmək qərarına gəliblər. Məsələ burasındadır ki, İngiltərə Premyer Liqasında cari mövsüm qarşıdakı bazar günü yekunlaşacaq. Rusiya yığmasının iyunun 10-da Finlandiya ilə səfərdə keçirəcəyi rəsmi oyunadək isə əsas futbolçuların formalarını itirməmələri vacibdir.

Rusiya milli komandasının məşqçisi Aleksandr Borodyuk vəziyyətdən çıxış yolunu belə izah edib: “Romanla Andrey bu məsələdə təşəbbüs irəli sürdülər. Onlar keçmiş klublarında məşq keçməyə imkan yaratmalarını xahiş ediblər. Bu, çox fərəhlidir. Mən “Spartak”ın baş məşqçisi Valeri Karpinlə danışdım. İqor Korneyev isə “Zenit”in holland çalışdırıcısı Dik Advokatla. Hər iki halda müsbət cavab aldıq. Buna görə də milli komandanın təlim-məşq toplanışına qədər hər iki futbolçu formada olacaq”.

Qeyd edək ki, cari mövsümdən etibarən İngiltərədə legioner həyatı yaşayan Arşavinlə Pavlyuçenko martın 28-də Moskvada Azərbaycan milli komandasına qarşı oyunda iştirak ediblər. Həmin görüşün ilk hissəsində hesabı açan Roman cərimə zərbəsini dəqiq yerinə yetirməklə, topu Fərhad Vəliyevin qoruduğu qapıdan keçirib. Oyun isə rusların 2:0 hesabı ilə başa çatıb.
0