“Azərbaycan futbolu o qədər yüksək templə inkişaf edir ki...” - FOTO
20.05.2009 - 14:54
“Azərbaycan futbolu o qədər yüksək templə inkişaf edir ki...” - FOTO
“Azərbaycan futbolu o qədər yüksək templə inkişaf edir ki, bu gedişlə o, yaxın zamanda Bolqarıstan səviyyəsinə çata bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun heyətində Azərbaycan Premyer Liqasının qalibi olan bolqarıstanlı müdafiəçi Aleksandr Tomaş deyib.

İlk dəfə Azərbaycan çempionu tituluna yiyələnən legioner Bolqarıstan mətbuatına müsahibəsində ölkəmizdə gördüklərindən məmnunluğunu bildirib: “Özü də Azərbaycandakı inkişaf bütün ölkəni əhatə edir. Əyalətlərə səfərlər zamanı bunun şahidi olmuşam. Hər yerdə olimpiya kompleksləri inşa olunur. Bir sözlə onlar idmanın inkişafına çalışırlar. Ən əsası, insanlar düzgün istiqamətdə işlər görürlər. Klubların yaxşı maliyyə imkanları var. 4-5 komanda var ki, onlar oyunları süni örtüklü meydanda keçirir. Orada bütün işlər yaxşı gedir. İdmanın vasitəsilə ölkəni dünyada təbliğ etmək istəyirlər. Bunu görüb çox təəssüflənirəm ki, Bolqarıstanda belə deyil”.

Tomaş qazandığı çempionluğa və gələcək karyerasına da toxunub: “Təbii ki, titul qazanmaq çox xoşdur. Bu mənim ilk medalım deyil. Ümid edirəm ki, heç sonuncu da olmayacaq. Ötən il kubokda qızıl medal ala bilərdim. Lakin çıxış etdiyim “Çerno More” finalda “Liteks”ə uduzdu. Mənim “Bakı” ilə hələ bir illik müqaviləm var. Komanda yoldaşım Stanislav Baçev isə müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar aparır. İnanıram ki, onlar razılığa gələcəklər və biz hələ uzun müddət bu komandada oynayacağıq. Baş məşqçimiz Qyoko Hacıyevski də bizə güvənir”.

Bolqar futbolçu ölkəmizdə oynamasının sirrini də açıqlayıb: “Mənim 30 yaşım var və legioner həyatı yaşamağım maddi baxımdan sərfəlidir. Buradakı maliyyə resursları Bolqarıstanla müqayisədə, bir neçə dəfə artıqdır. Bolqar futbolunun adını qaldıracaq xeyli həmyerlim də Azərbaycanda çıxış edir. Vətəndən uzaqda olsaq da, ailələrimizin yanımızda olması bizə müsbət təsir edir. Ümumiyyətlə, bu ölkədə Türkiyə modelinə üstünlük verib 15 ilə futbolu inkişaf etdirməyə çalışırlar. Bu səbəbdən də legionerlərə ehtiyac duyulur”.

Qeyd edək ki, ötən yay ölkəmizə gələn Tomaş cari mövsüm çempionatda 16, kubokda isə 5 oyun keçirib.
0