Milli komandamızın Avropa çempionu ilə oyunu ukraynalı hakimlərə tapşırıldı - EKSKLÜZİV
20.05.2009 - 15:05
Milli komandamızın Avropa çempionu ilə oyunu ukraynalı hakimlərə tapşırıldı - EKSKLÜZİV
Azərbaycan milli komandasının iyunun 9-da İspaniya yığması ilə Bakıda keçirəcəyi yoldaşlıq görüşünü ukraynalı hakimlər idarə edəcəklər. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov apasport.az saytına eksklüziv açıqlamasında bildirib ki, bu matçla bağlı Ukraynaya rəsmi müraciət olunub.

Yoldaşlıq görüşünə rusiyalı və türkiyəli hakimlərin təyin edilməsi variantları olsa da, AFFA Hakimlər Komitəsi Ukraynaya üstünlük verib. Məmmədov hansı səbəbdən məhz Ukraynanı seçdiklərini belə izah edib: “Həmişə yaxşı münasibətdə olduğumuz Ukraynanın yüksək səviyyəli hakimləri var. Həm də orada Hakimlər Komitəsinin sədri həmyerlimiz, “Neftçi”nin sabiq futbolçusu Vitali Şevçenkonun qardaşı Vadim Şevçenkodur. Biz istəyirik ki, gələcəkdə bizim də hakimlər Ukraynaya belə mötəbər oyunlara dəvət alsınlar. Artıq bununla bağlı Şevçenko ilə danışmışıq”.

AFFA rəsmisi Azərbaycan - İspaniya matçının tapşırılacağı namizəd hakimlərin adlarını da açıqlayıb: “Hazırda Ukraynanın ən güclü hakimləri Oleq Orexovla İqor İşenkodur. Yığmamızın İspaniya ilə görüşünü bu FİFA hakimlərindən biri idarə edəcək. Biz müraciət göndərəcəyik, seçimi isə ukraynalıların özləri edəcəklər”.

Qeyd edək ki, həm Orexov, həm də İşenkonun 42 yaşı var. İşenko 2001-ci ildə, Orexov isə bundan iki il sonra FİFA referisi dərəcəsini alıb.
0