Rauf Mehdiyev “Simurq”la müqavilə bağladı
20.05.2009 - 16:09
Rauf Mehdiyev “Simurq”la müqavilə bağladı
"Simurq" mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib. Apasport.az-ın klubun rəsmi İnternet saytına istinadən məlumatına görə, milli komandamızın qapıçısı Rauf Mehdiyev karyerasını Zaqatala təmsilçisində davam etdirəcək.

Son üç mövsümü Bakının “Olimpik” klubunda keçirən 33 yaşlı qapıçı “Simurq”la bir illik müqaviləyə imza atıb. Rauf istirahət müddəti başa çatdıqdan sonra, yəni iyunun 7-də yeni komandasının hazırlığına qatılacaq.

Qeyd edək ki, son çempionatın bürünc mükafatçısı olan “Simurq” ölkəmizi Avroliqada təmsil edəcək. Debütant mübarizəyə birinci mərhələdən başlayacağından hazırlıqlara erkən start verəcək. Mehdiyevin yeni klubunda əsas heyətə düşmək uğrunda rəqibləri ukraynalı həmkarları Taras Çopik və Andrey Nikitindir. Daha çox “Şəmkir”dəki çıxışı ilə tanınan Rauf bu komandanın heyətində iki, “Bakı”da isə bir dəfə Azərbaycan çempionu olub.
0