İqor Akinfeyev “Neftçi”nin sabiq qapıçısını təriflədi
20.05.2009 - 17:47
İqor Akinfeyev “Neftçi”nin sabiq qapıçısını təriflədi
Rusiya milli komandasının qapıçısı İqor Akinfeyev Bakının “Neftçi” klubunun sabiq qapıçısı Vyaçeslav Çanovu tərifləyib. Apasport.az saytının məlumatına görə, SSRİ dövründə flaqmanda oynamış Çanov 2002-ci ildən Moskva MOİK-ində qapıçılarla işləyən məşqçi vəzifəsində çalışır. Onun çalışdırdığı gənc həmkarlarından olan 23 yaşlı Akinfeyev xeyli müddətdir həm MOİK, həm də Rusiya yığmasının əsas qapıçısıdır.

Martın 28-də Moskvada milli komandamızla rəsmi oyunda 90 dəqiqə oynayan İqor təcrübəli həmkarından razılığını ifadə edib: “Mən 16 yaşımda Çanovun yanına düşdüm. Bu, qapıçıları ağır “yükləyən”, onları sonsuz sayda “doqquzluğ”a tullandırmağa məcbur edən məşqçi deyil. Çanov məhz elə məşqləər verir ki, onlar oyunda düzgün hərəkət etməyə kömək edir. Belə məşqçim olduğuma görə taleyimə minnətdaram. İstəyirəm ki, Çanov mənimlə bundan sonra da işləsin. Mənə onunla çox rahatdır. Digər yığmalara gələndə isə hərdən özümü tam gücümlə məşqə məcbur edə bilmirdim. Məşqçilərin təklif etdikləri – onlar arasında məşhurlar da var idi – mənə uyğun gəlmirdi. Bu, mənlik deyildi”.

Akinfeyev Rusiya yığmasında Çanov kimi məşqçinin olmadığını söyləyib: “Bizə rəsmi oyuna hazırlaşmaq üçün 5-6 gün vaxt verilir. Biz təcrübəli insanlarıq. Nəyi necə etməyi yaxşı bilirik. Məşqçi səni iki metrdən təkrar-təkrar zərbələr vuranda və ya buna bənzər nəsə fikirləşəndə iş cəhənnəmə çevrilir. Hər halda, bu, mənim üçün belədir”.

Qeyd edək ki, 58 yaşlı Vyaçeslav Çanov 1985-86-cı illərdə SSRİ çempionatının güclülər dəstəsində “Neftçi”də oynayıb. O, 33 qarşılaşmada qapısından 35 qol buraxıb.
0