“Şaxtyor” UEFA kubokunun axırına çıxdı
21.05.2009 - 09:32
“Şaxtyor” UEFA kubokunun axırına çıxdı
Avropada nüfuzuna görə ikinci klub turniri sayılan UEFA kubokunun final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Türkiyənin İstanbul şəhərində baş tutan qarşılaşmada Ukraynanın “Şaxtyor” klubu ilə Almaniyanın “Verder” komandası üz-üzə gəlib.

Matçın 25-ci dəqiqəsində Luis Adrianonun qolu ilə hesabda irəli çıxan ukraynalılar cəmi 10 dəqiqə sonra Naldonun tarazlıq yaratmasına üzülüb. Donetsk təmsilçisi bir də əlavə vaxtın 7-ci dəqiqəsində növbəti dəfə hesabı öz xeyrinə dəyişə bilib. Cadsonun vurduğu qol qarşılaşmada sonuncu olub ki, bu da “Şaxtyor”un tarixində ilk dəfə avrokubok qazanmasını rəsmiləşdirib. Komandanın baş məşqçisi Mirça Luçesku uzun fasilədən sonra yenidən ayaq basdığı “Şükrü Saracoğlu” stadionunu sevinclə tərk edib. Hər halda, rumıniyalı çalışdırıcı “Qalatasaray” və “Beşiktaş”a qazandıra bilmədiyini, “Şaxtyor”a qazandırıb.

Beləliklə, “Şaxtyor” tarixə UEFA kubokunun son qalibi kimi düşüb. Gələn mövsümdən etibarən yarış Avropa Liqası adı altında keçiriləcək.
0