Bernard Lippert məğlubiyyətin səbəbini açıqladı
21.05.2009 - 10:55
Bernard Lippert məğlubiyyətin səbəbini açıqladı
“Təbii ki, nəticə məni qane etmədi. Ancaq nümayiş etdirdiyimiz oyun, yetirmələrimin futbol ehtirası məni tam razı saldı”. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, bu sözləri Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının (U-21) baş məşqçisi Bernard Lippert deyib.

Lənkəranda Özbəkistanın 20 yaşlılardan ibarət yığmasına uduzan U-21-in çalışdırıcısı rəqibin qapalı futbol oynamasından gileylənib: “İlk hissədə yaratdığımız qol imkanlarından istifadə etsəydik, rəqib belə qapalı futbol oynamazdı. Özbəkistan yığmasının qol vurub müdafiəyə çəkilməsindən sonra istədiyimiz oyunu nümayiş etdirə bilmədik”.

Lippert Lənkəran şəhər stadionuna toplaşmış azarkeşlərə də minnətdarlıq etməyi unutmayıb: “Bu gün bizə dəstək verən azarkeşlərə öz təşəkkürü bildirirəm. Məğlub durumda olmağımıza baxmayaraq, sona qədər bizə dəstək oldular. Mən hətta
Almaniyada da belə şey görməmişəm. Lənkəranlı azarkeşlər bizi son ana qədər dəstəklədilər. Təəssüf ki, onlara qələbə bəxş edə bilmədik. Qarşıda Türkiyə və İngiltərəyə qarşı keçirəcəyimiz oyunların motivasiyası tam fərqli olacaq”.

Özbəkistan milli komandasının baş məşqçisi Əhmədcan Ubaydullayev isə bunları deyib: “Azərbaycanla oyunda nəticə bizim üçün önəmli deyildi. Əsas məqsədimiz heyətimizi komplektləşdirməkdir. Hesab edirəm ki, oyunda üstün tərəf biz idik və nəticə oyuna görə oldu. Hər iki komanda layiqli mübarizə apardı. Qol vurduqdan sonra qapımızın toxunulmazlığını qorumağa çalışdıq və buna da nail olduq. Sizin komandada Elvin Məmmədov və Eşqin Quliyevin oyunu daha xoş təsir bağışladı. AFFA rəhbərliyinə bizə hər cür şərait yaratdıqlarına görə minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, U-21 Özbəkistana 0:1 hesabı ilə uduzub.
0