“Neftçi”nin qənimi UEFA kubokunun tarixinə düşdü
21.05.2009 - 11:51
“Neftçi”nin qənimi UEFA kubokunun tarixinə düşdü
Rusiyanın MOİK klubunun futbolçusu Vaqner Lav UEFA kubokunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı braziliyalı hücumçu turnirin son mövsümünün ən yaxşı bombardiri olub.

2005-ci ildə MOİK-in heyətində UEFA kubokunu qazanmış futbolçu dünən başa çatan mövsümdə hamıdan çox fərqlənib - 11 qol. Turnirin ikinci ən məhsuldar oyunçusu isə “Hamburq”un xorvatiyalı hücumçusu İvitsa Oliçdir. 30 yaşlı futbolçu 9 qola imza atıb.

Vaqnerlə birlikdə vaxtilə MOİK-də çıxış etmiş Oliç Moskva təmsilçisinin kubok qazandığı 2004/05 mövsümündə “Neftçi”yə qarşı da oynayıb. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Bakıya gələn xorvatiyalı qarşılaşmaların heç birində Hüseyn Məhəmmədovun qapısına yol tapa bilməmişdi. Ondan fərqli, Lav üçün “Neftçi” ilə görüş əlamətdar olub. Braziliyalı hücumçu MOİK-in heyətində debüt matçını məhz “Neftçi”yə qarşı keçirib və ilk oyundaca fərqlənmişdi. Lakin bu Bakıdakı ilk yox, Moskvadakı cavab oyununda baş verib.

UEFA kubokunun bombardirləri yarışında üçüncü yeri isə İtaliyanın “Udineze” klubunun futbolçusu Fabio Kvalyarella tutub. 26 yaşlı hücumçu mövsümdə 8 qola sevinib.
0