Premyer Liqada daha bir əcnəbi məşqçi
21.05.2009 - 12:54
Premyer Liqada daha bir əcnəbi məşqçi
“Komandamızın yeni baş məşqçisi yüz faiz əcnəbi olacaq. Bizə Serbiya, Latviya, Ukrayna, Belarus, Almaniya, Makedoniyadan mütəxəssislər təklif olunub”. Bu sözləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

FİFA agentlərindən əcnəbi məşqçilərlə bağlı çox saylı təkliflər aldıqlarını bildirən Şirəliyev artıq seçimlərini etdiklərini söyləyib: “Yəqin ki, yeni çalışdırıcı serbiyalı olacaq. Müqavilə bağlamayana qədər ad çəkmək düzgün olmazdı. Onun köməkçisinin də əcnəbi olacağını deyə bilərəm. Komandamızda baş məşqçi əvəzi Vladislav Qədirov isə seleksiyaçı-məşqçi postunda qalacaq. Yeni baş məşqçi ilə yaxın 15-20 gün ərzində rəsmi müqavilə imzalayacağıq”.

Vitse-prezident vurğulayıb ki, ötən mövsüm yerli mütəxəssislərin çalışdırdığı “Muğan” üçün uğursuz keçib: “İnanırıq ki, əcnəbi mütəxəssis yeni mövsümdə uğurlu çıxış etmək üçün bizə kömək edəcək. Həmin serb mütəxəssis Bakıya da gəlmişdi, onunla danışığımız olub. İlkin razılığa gəlmişik. Ancaq məsələ hələ rəsmiləşməyib. Yeni baş məşqçimiz “Pro” kateqoriyasını daşıyır. Biz yeni baş məşqçimizin ilk növbədə təcrübəli olmasını istəyirdik. Onun məşqçilikdə hansı kateqoriyanı daşıdığına da diqqət yetiririk. Həmin serbiyalı mütəxəssis Avropada da çalışıb, nəticələri var. Komandanı avrokuboklara çıxarıb, bir neçə mərhələ adlayıb”.

Qeyd edək ki, “Muğan” Premyer Liqanın 2008/09 mövsümündə mübarizəni 12-ci pillədə başa vurub.
0