Fatih Terimin barmağı qanqrena olub?
21.05.2009 - 13:44
Fatih Terimin barmağı qanqrena olub?
Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin müalicəsi davam edir. Apasport.az saytının məlumatına görə, 56 yaşlı çalışdırıcı mayın 17-də dənizdə kater sürmək istəyərkən, ehtiyatsız davranıb və onun barmağı daşla kəndir arasında qalaraq, qopub. Dalğıcların dənizdən tapdıqları barmaq sonradan cərrahiyyə əməliyyatı nəticəsində bərpa olunub.

“İmperator” ləqəbli məşqçinin barmağının qanqrena (bədənin hər hansısa yerində toxumaların çürüməsi) olması barədə yayılan xəbərlər isə həqiqətəuyğun deyil. Bunu Terimin əməliyyat olunduğu “Acıbadem” xəstəxanasının həkimi deyib. Onun sözlərinə görə, əməliyyat uğurlu keçdiyindən, barmağın qanqrena olmaq ehtimalı yoxdur.

Qeyd edək ki, Terimin rəhbərlik etdiyi yığma iyunun 2-də Kayseri şəhərinin “Kadir Has” stadionunda Azərbaycan milli komandası ilə beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
0