Türkiyəli prezident tunelə 165 km/saat sürətlə girib
21.05.2009 - 14:39
Türkiyəli prezident tunelə 165 km/saat sürətlə girib
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mahmud Özgenerin ötən həftə avtomobil qəzasına düşməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, ailəsi ilə birgə istirahətə yollanan Özgenerin idarə etdiyi “Cip” tunelə girən zaman sürət həddini aşıb.

Maksimal sürətin 80 km/saat olduğu halda, TFF rəhbəri maşını bundan iki dəfə sürətli idarə edirmiş. Daha doğrusu, həmin an “Cip” saatda 165 km sürətlə gedirmiş. Bu səbəbdən tuneldə avtomobilin təkəri partlayıb və maşın öncə sol, sonra sağ isə divara çırpılıb.

“Cip” möhkəm əzilsə də, Özgener və onun ailə üzvləri - həyat yoldaşı Aişə, uşaqları Cem və Can, həmçinin uşaqların dayəsi xəsarət almayıblar. Onların həyatını təhlükəsizlik kəmərləri xilas edib. Hadisə yerinə gələn polislər Özgeneri və ailəsini başqa avtomobillə yola salıblar.

Şok yaşayan federasiya prezidenti başına gələnləri belə xatırlayır: “Yol gedərkən birdən təkər partladı. Maşın əvvəl sol, sonra sağ divara çarpıldı. Hamımız çox qorxduq. Allaha şükürlər olsun ki, qəzadan xəsarətsiz çıxdıq. Baş verənlərin şokundan çətinliklə yaxa qurtardıq”.
0