Aslan Kərimov: Kuboku qazanmaq taleyimizə yazılıb
21.05.2009 - 16:21
Aslan Kərimov: Kuboku qazanmaq taleyimizə yazılıb
“Üç il əvvəl “Qarabağ” Azərbaycan kubokunu qazananda çoxları bunu təəccüblə qarşılamışdı. Amma bu dəfə heyətimiz daha güclüdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Azər Məmmədov deyib.

Mayın 23-də Azərbaycan kubokunun finalında “İnter”lə qarşılaşacaq ağdamlıların müdafiəçisi yenə mükafata sahib olmaq iddiasındadır. Azər 2006-cı ildə bu titula yiyələnən heyətdən komandada qalan 3 futbolçudan biridir. O, klubun rəsmi İnternet saytına açıqlamasında iddialı danışıb: “Bu mövsüm “Qarabağ” kuboka iddialıdır. Oyuna da yaxşı hazırlaşmışıq. “Qarabağ” avrokuboklarda çıxış etməyə layiqdir”.

Peşəkar karyerasını bitirmək üzrə olan Aslan Kərimov da üçüncü dəfə “Qarabağ”la kubok qazanmaq arzusundadır: “Çempionatdakı oyunumuzla avrokuboklara vəsiqəyə layiq olduğumuzu göstərmişik. İnanıram ki, kuboku qazanmaq taleyimizə yazılıb. Komandamız cari mövsümdə 2 dəfə “İnter”lə qarşılaşıb. Hər iki oyunda heç də rəqibdən pis oynamamışıq. Kuboku 3 ildən sonra yenidən başımız üzərinə qaldıracağımıza ümidvaram”.
0