Gürcülər Azərbaycan futbolunun inkişaf sürətinə təəccübləniblər
21.05.2009 - 18:07
Gürcülər Azərbaycan futbolunun inkişaf sürətinə təəccübləniblər
“XVII Azərbaycan Premyer Liqasında uzun yol keçdik. Çempionat da çox maraqlı və gərgin mübarizə şəraitində oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Premyer Liqanın qaliblərinə medalların təqdimetmə mərasimində nitq söyləyən qurum rəhbəri yarışın səviyyəsindən məmnunluğunu ifadə edib: “Ötən il yarışları keçirməyi Peşəkar Futbol Liqasına həvalə etdik. Zaman göstərdi ki, bu, düzgün qərardır. Qurum öz işinin öhdəsindən gəldi. Çempionat çox yüksək səviyyədə keçdi. Əvvəllər medallar uğrunda 3-4 komanda mübarizə aparırdısa, bu dəfə 8 komanda çempion olmağa çalışırdı”.

Abdullayev AFFA-ya prezidentlik etdiyi dövrdə futbolumuzun inkişafından da danışıb: “Mən prezident seçiləndə futbolun inkişafı ilə bağlı bir sıra vədlər vermişdim. Fəaliyyətimizin də nəticələri artıq özünü göstərir. Futbolda böyük irəliləyişə nail olmuşuq. Artıq Premyer Liqa ilə yanaşı, əvəzedicilərin və 17 yaşlıların da çempionatı keçirilir. Azərbaycanda bu idman növü ilə məşğul olanların sayı 3 dəfə artıb. İnkişaf milli komandalarda da özünü göstərir. Qarşımıza qoyduğumuz vəzifələrin çoxunun öhdəsindən gəlmişik”.

AFFA prezidenti müəyyən çatışmazlıqların müvəqqəti xarakter daşıdığını vurğulayıb: “Təbii ki, bəzi çətinliklər oldu. İstədiyimizə tam çata bilmədik. Gələn mövsüm yarış daha da təkmilləşdirəcəyik. Hakimliyin səviyyəsinin qaldırılması üçün işlər görülür”.

Çıxışının sonunda mövsümün laureatlarını təbrik edən Abdullayev bir məqamı da vurğulayıb: “Bu günlərdə Gürcüstan prezidenti ölkəmizə səfər etmişdi. Onların nümayəndə heyəti ilə söhbətimdə Azərbaycanda futbolun necə inkişaf etdiyindən danışırdılar. Keçmiş SSRİ-də yüksək inkişafın yalnız bizdə olduğunu deyən qonaqlar ölkələrində də belə vəziyyəti arzuladıqlarını da dilə gətirdilər”.
0