Rövnəq Abdullayev: Uelslilərə viza verilməsində problem yoxdur
21.05.2009 - 18:28
Rövnəq Abdullayev: Uelslilərə viza verilməsində problem yoxdur
“Biz Xarici İşlər Nazirliyi ilə danışmışıq və uelslilərə viza verilməsi məsələsində problem yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirdiyi brifinqdə deyib.

Azərbaycan milli komandasının iyunun 6-da Bakıda qəbul edəcəyi Uels yığmasının ölkəmizə gəlməsində ciddi problem görməyən federasiya başçısı qaydalara əməl olunmasının vacibliyini bildirib: “Biz onu da qəbul etməliyik ki, heç bir xarici dövlətin nümayəndəsi bizim ölkəyə açıq, istədiyi şəkildə girə bilməz. Onların qanun-qaydalarını bilməsək, bizi kim həmin dövlətə buraxar? Bilirsiniz ki, viza məsələsi ilə bağlı çoxlu çətinliyimiz olub. Çimərlik futbolu yığmamızın Fransaya vizası gecikdirildiyi üçün çempionatda iştirak edə bilmədik. Həmin zaman biz dünyada səs-küy qoparmadıq ki! Azərbaycana daxil olmaq üçün səfirliklərdə müəyyən prosedur qaydalar var və buna tabe olmalıyıq. Xarici İşlər Nazirliyindən xahiş etmişik ki, viza məsələsinin tezliklə həllinə kömək etsin. Bu da normal qaydada həyata keçiriləcək”.

Abdullayev Rusiya mətbuatında milli komandamızın baş məşqçisi Berti Foqtsun “Lokomotiv”, yaxud “Saturn” klublarını çalışdıracağı barədə yayılan xəbərlərə də münasibət bildirib: “Mənim bundan xəbərim yoxdur. Foqtsun bizimlə müqaviləsi var və o, 2009-cu ilin sonunadək milli komandamızın baş məşqçisi postunda yer alacaq. Biz bu əməkdaşlığı uğurla davam etdirmək fikrindəyik”.

AFFA prezidenti vurğulayıb ki, milli komandamızın iyunun 2-dən 9-dək keçirəcəyi 3 oyunda uğurlu çıxış edəcəyinə ümid böyükdür: “Bildiyiniz kimi, yığmamız iyunun 2-də Kayseri şəhərində Türkiyə yığması ilə yoldaşlıq matçında qüvvəmizi sınayacağıq. Ayın 6-da Bakıda Uelslə rəsmi, bundan 3 gün sonra isə İspaniya ilə yoldaşlıq görüşü keçirəcəyik. Türkiyə ilə oyunu dünya çempionatının seçmə mərhələsində Uelslə qarşılaşmaya yaxşı bir hazırlıq matçı kimi qəbul edirik. Əsas oyunumuz Uelsə qarşıdır və həmin görüşdə yaxşı oyun göstərmək istəyirik. İnanıram ki, milli komandamızın üzvləri qənaətbəxş nəticə göstərəcəklər. İspaniya ilə oyun isə yoldaşlıq görüşüdür. Son Avropa çempionlarının ölkəmizə gəlişi futbol ictimaiyyəti üçün bayram olacaq və futbolumuzun inkişafında böyük rol oynayacaq”.
0