Hafiz Məmmədov: Darıxmayın, gizli bir şey olmayacaq!
21.05.2009 - 19:14
Hafiz Məmmədov: Darıxmayın, gizli bir şey olmayacaq!
“Bakı” klubunun prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Hafiz Məmmədovun müsahibəsi

- Komandanızın cari mövsümdə çıxışı və gələcək planlar haqda fikirlərini bilmək istərdik.
- Elə bir klub yoxdur ki, çempion olmağı və ya ölkə kubokunu qazanmağı arzulamasın. Bu dəfəki çempionat uzun keçdi. Ağrılı-şirinli günlər keçirdik. Məğlubiyyətlərə kədərləndik, qələbələrə sevindik. Əsas odur ki, nəticəyə nail olduq. Bu gün da həmin uğuru, qələbəni böyük sevinclə qeyd edirik. Çempionlar Liqasındakı sınağımıza ay yarım vaxt qalıb. Bu müddətdə yeni transferlər edib, hazırlıq planları quracağıq. “Bakı” klubu Azərbaycan futbolunu Avropa meydanlarında da tanıtdırmaq arzusundadır.

- Komandanızın heyətində hansı dəyişiklər olacaq? Tanınmış futbolçular transfer edəcəksinizmi?
- Bu, hələ tam bilinmir. Klubdakı aparıcı, tanınmış futbolçuların özlərinin də müqavilələri bitib. Ola bilsin ki, həmin futbolçular öz arzuları ilə başqa kluba getsinlər. Buna görə də hələ bu haqda düşünməmişik.

- Üç il öncə “Bakı” çempion olduqdan sonra komandada eniş dövrü başlandı. Hazırda qarşınıza 2012-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə düşmək məqsədi qoymusunuz. Hədəflər böyüdüyü halda, “Bakı” yenidən “uğursuz zolaq” yaşaya bilərmi?
- Bildiyiniz kimi, “Bakı”nın 5 illik tarixi var. Bu müddətdə cəmi bir il uğursuzluqla üzləşmişik. Rövnəq Abdullayev AFFA-nın prezidenti seçildikdən sonra onunla söhbətimiz olub. Biz bərabər müzakirələr aparmışıq. Ölkə prezidenti cənab İlham Əliyevin idmana, futbola diqqəti müqabilində bu idman növünün səviyyəsini qaldırmağı planlaşdırmışıq. Mən də bir azərbaycanlı iş adamı kimi buna çalışıram. Güclü klub yaratmışıq və nəticəni də bu gün görürsünüz. İnşallah, Avropaya da uğurlu bir komanda təqdim edib, öz sözümüzü deyəcəyik.

- Klub daxilində mükafatlandırma nəzərdə tutulub?
- Əlbəttə. Yəqin ki, maddi mükafatlar olacaq. Bu, bir qayda-qanundur və biz futbolçuların əməyini maddi baxımdan qiymətləndirəcəyik. Onların zəhmətini lazımı səviyyədə dəyərləndiriləcək və onlar narazı qalmayacaqlar.

- Məbləği açıqlaya bilərsinizmi?
- Məbləğ hələ bilinmir. Bunu müəyyənləşdirən zaman futbolçuların da istəyi nəzərə alınacaq. Gizli bir şey olmayacaq, darıxmayın.

- Mükafat pul formasında olacaq, yoxsa ev, maşın hədiyyə oluna bilər?
- Buna baxacağıq. Mükafatın nə fərqi var ki? Lap saat da olsa, mükafatdır.
0