“Simurq” 5 futbolçuya qapını göstərdi
22.05.2009 - 09:58
“Simurq” 5 futbolçuya qapını göstərdi
Azərbaycanı Avropa Liqasında təmsil edəcək Zaqatalanın “Simurq” klubunun mövsümlərarası dövrlə bağlı planlarına aydınlıq gəlib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, mayın 17-də istirahətə yollanan ölkə çempionatının bürünc mükafatçıları iyunun 7-də bir araya gələcək.

Baş məşqçi Roman Pokora yetirmələrinə əvvəlki kimi, bir ay-ay yarım deyil, qısa müddətə istirahət verməsi komandanın beynəlxalq arenadakı debütü ilə əlaqədardır. İyunun 7-dən 13-dək Zaqatalada fiziki hazırlıq keçəcək “Simurq” bundan sonra adət-ənənəsinə sadiq qalıb, Gürcüstana təlim-məşq toplanışına yollanacaq. Qonşu ölkədə yoxlama görüşlərinin də keçirilməsi nəzərdə tutulub. Toplanış iyunun 27-də və ya 28-də başa çatacaq və kollektivin növbəti dayanacağı Bakı olacaq. Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunlarına hazırlığın sonuncu mərhələsi məhz paytaxtda baş tutacaq.

Komandasının hazırlıq planını tərtib edən Pokora artıq Azərbaycanı tərk edib. Ukraynalı çalışdırıcı Premyer Liqa başa çatdıqdan sonra klub rəhbərliyi ilə bir neçə dəfə görüşərək, avrokuboklara və növbəti mövsümə hazırlıq planları, o cümlədən, transfer çalışmaları ilə bağlı məsləhətləşmələr aparıb. Lvova yollanan baş məşqçinin məzuniyyəti elə də uzun çəkməyəcək: o, iyunun 5-də yenidən iş başında olacaq. Ukraynaya getməmişdən öncə Pokora "Simurq"u tərk edəcək futbolçuların siyahısını da müəyyənləşdirib. Müqavilə müddəti mayın sonunda başa çatacaq 4 futbolçu - Arif İsayev, Cavad Mirzəyev, Samir Abdulov, həmçinin klubun vəsaiti hesabına zədədən sonra əməliyyat olunan və ikinci dövrəni buraxan Ramin Nəsibovla yeni anlaşma imzalanmayıb. Adıçəkilənlər növbəti mövsümdən bu komandanın formasını geyinməyəcəklər. Bu ilin fevralında "Xəzər-Lənkəran"dan icarəyə götürülən Füzuli Məmmədov da "Simurq"u tərk edəcək.

Qeyd edək ki, “Simurq” mövsümlərarası fasilədə yalnız qapıçı Rauf Mehdiyevi transfer edib.