Türkiyə Futbol Federasiyasında şok istefa
22.05.2009 - 11:17
Türkiyə Futbol Federasiyasında şok istefa
Türkiyə Futbol Federasiyasında (TFF) şok istefa yaşanıb. Apasport.az saytının məlumatına görə, baş katib Mətin Kazancıoğlu 20 il tutduğu vəzifədən istefa verib. Onun istefa ərizəsində aşağıdakı sözlər qeyd olunub.

“Dəyərli dostlarım, TFF-də 20 illik iş həyatımı bu gün başa çatdırıram. Sizlərlə birlikdə bu günə qədər bir çox uğurlara imza atdıq. Mənə verdiyiniz dəstəyə və işbirliyinizə görə hamınıza ayrı-ayrılıqda təşəkkür edirəm. Sizlərlə tək-tək vidalaşaraq, əlinizi sıxaraq ayrılmaq istərdim. Amma təəssüf ki, bu, olmadı. Sizə sonsuz uğurlar arzulayır, hamınızı sevgi ilə qucaqlayıram”.

Kazancıoğlu bu məktubu federasiya əməkdaşlarının e-maillərinə göndərib. İstefaya onun TFF-in vitse-prezidenti Lütfi Arıboğanla soyuq münasibətinin səbəb olduğu bildirilir.

Eyni zamanda, 2003-cü ildən TFF-in Hüquq Komitəsinə rəhbərlik edən Əmrə Koçak da istefa verib.

Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 2-də beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Kayseri şəhərində məhz Türkiyə ilə qarşılşacaq.
0