“Mançester Yunayted” - “Barselona” matçında oyunsonrası penaltilər olacaq”
22.05.2009 - 11:30
“Mançester Yunayted” - “Barselona” matçında oyunsonrası penaltilər olacaq”
Tanınmış portuqaliyalı mütəxəssis Joze Maurinyo növbəti açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, İtaliyanın “İnter” klubunun 46 yaşlı baş məşqçisi mayın 27-də Çempionlar Liqasının finalında keçiriləcək “Mançester Yunayted” - “Barselona” matçı ilə bağlı proqnoz verib.

Maurinyo İtaliyanın paytaxtı Romanın Olimpiya stadionunda baş tutacaq həmin görüşün taleyinin oyunsonrası penaltilər seriyasında müəyyənləşəcəyini iddia edir. Onun fikrincə, nə əsas, nə də əlavə vaxtda qalib bilinəcək. Ancaq portuqaliyalı çalışdırıcı penaltilər seriyasında kimin güclü olacağını, yəni ÇL-də hansı komandanın qalib gələcəyi barədə heç nə deməyib.

Bu proqnozu Maurinyo İtaliyanın telekanallarının birində qonaq olarkən verib. Həmin verilişin aparıcıları İtaliyanın veteran futbolçuları Canluka Vialli və Paolo Rossidir. Mourinyo növbəti dünya çempionatı ilə bağlı da proqnozunu açıqlayıb. O, 2010-cu ildə Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatında 1-ci yeri Argentina yığmasının tutacağını bəyan edib.
0