Ya “Qarabağ”, ya “İnter”, başqa qalib yox artıq! - STATİSTİKA
22.05.2009 - 12:20
Ya “Qarabağ”, ya “İnter”, başqa qalib yox artıq! - STATİSTİKA
Azərbaycanda 2008/09 futbol mövsümünə sabah ölkə kubokunun finalı ilə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq həlledici görüşdə Bakının “İnter” və Ağdamın “Qarabağ” klubları üz-üzə gələcəklər.

Sayca 17-ci dəfə keçirilən Azərbaycan kubokunun finalı ilk dəfə 23 may tarixində baş tutacaq. Final oyununun iştirakçılarından “Qarabağ” artıq iki dəfə kuboku qazanıb. 1993-cü ildə Ağasəlim Mircavadovun çalışdırdığı komanda kubokla yanaşı, çempionluğu da qazanaraq, mövsümü “qızıl dubl”la bitirib. Bundan 13 il sonra isə Böyükağa Ağayevin çalışdırdığı “Qarabağ” ölkə kubokuna sahib çıxıb. Ümumiyyətlə, ağdamlılar bu turnirin finalına çıxmaq baxımından rekordçudur. Artıq 6-cı dəfə həlledici görüşün iştirakçısı olacaq “Qarabağ” cari mövsümdə bu göstəriciyə əsasən “Neftçi”ni arxada qoyub.

“İnter” isə ardıcıl ikinci, ümumilikdə isə üçüncü dəfə Azərbaycan kubokunun finalında çıxış edəcək. Komandanın indiyədək hər iki cəhdi uğursuzluqla nəticələnib. Özü də “bankirlər” hər iki halda Respublika stadionunda keçirilən oyunlarda əlavə vaxtda buraxılan qolla uduzublar. İlk dəfə bu aqibətlə ukraynalı Anatoli Konkov, sonra isə onun həmyerlisi, “İnter”in hazırkı baş məşqçisi Valentin Xodukin üzləşib.

Kubok oyununun nəticəsinin “Qarabağ” üçün daha böyük önəm kəsb etdiyini desək, yanılmarıq. Axı, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisinin avrokuboklarda iştirak edib-etməyəcəyi sabahkı görüşün nəticəsindən asılıdır. Məsələ burasındadır ki, Premyer Liqanı 5-ci yerdə bitirən “Qarabağ” yalnız kubokuna sahib çıxacağı halda yeni mövsümdən Avroliqa adlanacaq turnirdə oynamaq hüququ əldə edəcək. Əks təqdirdə bu vəsiqə 4-cü yerin sahibi “Xəzər-Lənkəran” klubuna nəsb olacaq. Çünki qaydaya görə, Avroliqada iştirak etmək hüququnu çempionatda əldə edən mükafatçı komanda kuboka da sahib çıxarsa, həmin vəsiqə özündən sonra yer tutan kollektivə nəsib olur. Turnir cədvəlində “İnter”dən sonra gələn “Simurq” Avroliqaya çıxdığından, vəsiqə ondan sonra gələn komandaya, yəni 4-cü yerin sahibi “Xəzər-Lənkəran”a qismət ola bilər.

Göründüyü kimi, “İnter” artıq Avroliqaya vəsiqə qazandığından final oyunu bu nöqteyi-nəzərdən bir o qədər də vacib əhəmiyyət daşımır. Ancaq bir çox məqamlar “bankirlər”in kuboka yiyələnmək üçün əllərindən gələni edəcəklərini söyləməyə əsas verir. Əvvəla, yuxarıda dediyimiz kimi, “İnter” rəqibindən fərqli, hələ də Azərbaycan kubokuna həsrətdir. Bundan əlavə, İntertoto kubokunun ləğv olunması nəticəsində avrokubokların da formatı dəyişdirilib. Ölkə kubokunun sahibi Avroliqada birinci təsnifat mərhələsindən azad olunaraq, mübarizəyə birbaşa ikinci mərhələdən başlayacaq. Sözsüz ki, bu, bir çox komponentlərdə üstünlükdür və ona görə də “İnter”ə kubokun sahibi kimi, Avroliqaya yollanmaq sərfəlidir.

Həm də ötən ildən fərqli, bu dəfə çempion ola bilməyən komanda mövsümü titulla başa vurmaq iddiasındadır. “İnter” çempionluq yolunda həlledici zərbəni Ağdamda “Qarabağ”la 1:1 hesabı ilə nəticələnən görüşdə alıb. Həmin iki xal itkisi ilə “Bakı”dan geri düşən komanda son iki turda qələbə qazansa da, liderliyi qaytara bilməyib. Deməli, “İnter” ölkə kubokunun finalında “Qarabağ”dan revanş çıxmağa çalışacaq. İdman prinsiplərini üstün tutan “Qarabağ” üçün Quzanlıdakı həmin fədakarlıq avrokuboklardan kənarda qalmaq bahasına başa gələ bilər.

Tarix

qalib

finalçı

hesab

30.08.1992

“İnşaatçı” (Bakı)

“Kür” (Mingəçevir)

2-1 əlavə vaxtda

28.05.1993

“Qarabağ” (Ağdam)

“İnşaatçı” (Sabirabad)

1-0 əlavə vaxtda

08.06.1994

“Kəpəz” (Gəncə)

“Xəzər” (Lənkəran)

2-0

28.05.1995

“Neftçi” (Bakı)

“Kür” (Mingəçevir)

1-0

15.05.1996

“Neftçi” (Bakı)

“Qarabağ” (Ağdam)

3-0

28.05.1997

“Kəpəz” (Gəncə)

“Xəzri” (Bakı)

1-0

28.05.1998

“Kəpəz” (Gəncə)

“Qarabağ” (Ağdam)

2-0

28.05.1999

“Neftçi” (Bakı)

“Şəmkir”

0-0 pen 5-4

28.05.2000

“Kəpəz” (Gəncə)

“Qarabağ” (Ağdam)

2-1

25.05.2001

“Şəfa” (Bakı)

“Neftçi” (Bakı)

2-1

09.05.2004

“Neftçi” (Bakı)

“Şəmkir”

1-0 əlavə vaxtda

28.05.2005

“Bakı”

“İnter” (Bakı)

2-1 əlavə vaxtda

03.06.2006

“Qarabağ” (Ağdam)

“Karvan” (Yevlax)

2-1

28.05.2007

“Xəzər-Lənkəran”

“MKT-Araz” (İmişli)

1-0

24.05.2008

“Xəzər-Lənkəran”

“İnter” (Bakı)

2-0 əlavə vaxtda

0