“Bakı” Rəşad Sadıqov kimi futbolçu axtarır
22.05.2009 - 12:59
“Bakı” Rəşad Sadıqov kimi futbolçu axtarır
Mövsümlərarası fasilədə “Bakı” klubunun heyətində ciddi dəyişikliklər olmayacaq. Apasport.az saytının məlumatına görə, bunu ölkə çempionu titulunu qazanan paytaxt təmsilçisinin baş məşqçisi Qyoko Hacıyevski deyib.

“Trend” agentliyinin sorğusuna əsasən, 2008/09 mövsümünün ən yaxşı baş məşqçisi seçilmiş Hacıyeskiyə bu gün diplom təqdim olunub. Makedoniyalı mütəxəssis tədbirdə bildirib ki, qızıl medal qazanmış heyəti qoruyacaqlar: “Mövsümlərarası fasilədə heyətimizə 4-5, maksimum 6 futbolçu cəlb edəcəyik. Onların da hər biri yüksək səviyyəli oyunçu olmalıdır. Bununla yanaşı, indiki heyəti dəfə qorumalıyıq. Axı, hazırda “Bakı”nın heyətinin özəyi var. İndiki heyəti dağıtsaq, bir aya yeni komanda yarada bilmərik. Yeni oyunçularımızdan biri müdafiəçi olmalıdır. Özü də sadəcə, arxa xətt oyunçusu yox, komandanın əsl lideri. Məsələn, Rəşad Sadıqov kimi. Yeri gəlmişkən, mən ona səviyyəsini artırmaq üçün Avropaya getməyi tövsiyə etmişdim. İndi o, Türkiyədə oynamaqla, səviyyəsini daha da artırıb”.

54 yaşlı mütəxəssisin sözlərinə görə, “Bakı”nın ön xəttinin də güclənməsi mümkündür: “İki-üç hücumameylli futbolçu da transfer etməliyik. Georgi Adamiya kimi texnikalı, lazım gələndə özü qol epizodu yarada bilən ifaçılar almaq niyyətindəyik. Elə gürcüstanlı futbolçunun özünü də komandada saxlamalıyıq. Onun müqaviləsi bitdiyindən Adamiya ilə yenidən anlaşmalıyıq. Mərkəz hücumçusuna isə ehtiyacımız yoxdur. Əhməd Ticani, Draqan Naçevski, Hasan Suari və Uilyam Batista kimi oyunçularımız var. Lakin müqaviləsi başa çatan Batistanı da saxlamalıyıq. O, komandada qalmayacağı təqdirdə, daha bir hücumçu tapacağıq. Həm Adamiya, həm də Batistanın məsələsinə mayın sonunadək aydınlıq gələcək. Yeni oyunçuların adlarını isə hələ çəkə bilmərəm. Çünki anlaşmadığımız oyunçunun keçidi baş tutmaya bilər. Belə olan halda, bu gün dediklərim qeyri-ciddi qəbul ediləcək”.
0