Frank Lempard “Çelsi”nin tarixinə düşdü
22.05.2009 - 13:16
Frank Lempard “Çelsi”nin tarixinə düşdü
Frank Lempard Londonun “Çelsi” klubunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu 2008/09 mövsümündə komandasının ən yaxşısı seçilib. Bununla da, Lempard “Çelsi” tarixində 3 dəfə komandanın ən yaxşısı olan ilk futbolçuya çevrilib.

Sorğu klubun azarkeşləri arasında keçirilib. Frank bundan öncə 2004-cü və 2005-ci illərdə də birinci yeri tutmuşdu. Bu dəfə “Çelsi”nin vitse-kapitanına mükafatı baş məşqçi Qus Hiddink təqdim edib. Lempard məmnunluğunu gizlətməyib: “Sevincim ona görə aşıb-daşır ki, bu mükafatı artıq böyük peşəkar futbolçular alıblar. Mən kluba gələndə mükafat almağı, özü də bunu 3 dəfə qazanmağı hətta arzulamırdım. Sadəcə, komandada özümü təsdiqləmək, göstərmək istəyirdim. Bu mükafat azarkeşlərin mənə rəğbətinin nəticəsidir. Mən sadəcə, heyranam”.

“Çelsi”nin versiyasına görə isə ən yaxşı adını Eşli Koul qazanıb. Ona mükafatı “Çelsi”nin sabiq oyunçusu Çarli Kuk verib. Eşli ən yaxşı seçildiyi üçün şokda olduğunu söyləyib: “Bu, mənim üçün böyük şərəfdir. Mükafata layiq olan çox futbolçular var. Xoşbəxtəm ki, bu, məhz mənə nəsib oldu”.
0