Hacıyevski Azərbaycanda nədən narazıdır?
22.05.2009 - 13:33
Hacıyevski Azərbaycanda nədən narazıdır?
“Azərbaycanda məni qane etməyən bir məqam var ki, bu da azarkeşlərlə bağlıdır. Son turun “Muğan”la qarşılaşması istisna olmaqla, ev oyunlarımızı tribunalarda az adam izləyirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

“Trend” agentliyinin tədbirinə qatılan 54 yaşlı məşqçi Azərbaycanda futbola marağın az olmasından gileylənib: “Burada futbolun reklama ehtiyacı var. Müxtəlif albomlar, jurnallar nəşr olunmalıdır. İnsanlara futbol klubları və oyunçuları tanıtdırmaq lazımdır. Bu gün küçədə kiməsə yaxınlaşıb “Muğan”, lap elə “Turan” haqda soruşsanız əksəriyyəti söhbətin nədən getdiyini bilməyəcək. Ən yaxşı halda, “Neftçi”, “Bakı” kimi klubların 2-3 futbolçusunu tanıya bilərlər. Telekanallarda daha çox verilişlər olmalıdır. Futbolçular haqda müxtəlif verilişlər hazırlamaq, evlərindən çəkilişlər etmək yaxşı olardı. Yoxsa ki, “Qarabağ” - MOİK oyunundan iki dəqiqəlik süjet vermək heç nəyə yaramır. İki dəqiqəyə nə görmək olar ki? Hər qarşılaşmadan ən azı 10-15 dəqiqəlik reportajlar hazırlanmalıdır”.

“Bakı”dakı şəraitdən razı olan Hacıyevski çempion olduqdan sonra hər şeyin daha da yaxşılaşdığını vurğulayıb: “İndi komandamızda hər şey əladır. Ab-hava, şərait. Lakin bununla kifayətlənməyəcəyik. Daha irəli getmək iddiasındayıq. Başda prezident Hafiz Məmmədov və Anar Məmmədov olmaqla klub rəhbərliyinin qayğısını qeyd etməliyəm. Artıq 1-2 aya “Delfin” otelinin yaxınlığındakı bazamız hazır olacaq. Yeni mövsümə orada hazırlaşacağıq. Bu isə daha səviyyəli meydanda daha çox vaxt keçirməyimizə imkan verəcək. Halbuki, əvvəllər gündə bir neçə saatlıq məşqlə kifayətlənmək məcburiyyətində qalırdıq. Bazamızda isə belə məhdudiyyət olmayacaq. Bu da hazırlığın keyfiyyətinə təsir göstərəcək. Bundan başqa klubumuza elə bir avtobus alınıb ki, Azərbaycanda beləsi yoxdur”.

Çempionlar Liqasına Sloveniyada hazırlaşmaq üçün iyunun 10-da bir araya gələcək komandanın planlarını Hacıyevski özü də hələlik tam bilmir: “Hazırlığın son mərhələsi püşkatmadan asılıdır. İlk oyunun harada keçirilməsindən asılı olaraq, Sloveniya toplanışının nə vaxt yekunlaşacağına qərar verəcəyik. Çempionlar Liqasına gəlincə, bildiyiniz kimi, yarışın formatı dəyişib. Və ilk rəqibimiz güclü komanda da ola bilər. Ona görə indidən mərhələ keçməyə söz verə bilmərik. Amma buna inanmaq və bunu çox istəməklə nəyəsə nail olmaq mümkündür”.
0