“İnter”in futbolçusu sabiq deputatı həbs etdirdi
22.05.2009 - 15:34
“İnter”in futbolçusu sabiq deputatı həbs etdirdi
İtaliya parlamentinin sabiq deputatı Roberto Salerna iki aylıq icbari həbs cəzasına məruz qalıb. Apasport.az saytının məlumatına görə, Salernonun cəzalanmasına İtaliya milli komandasının futbolçusu Marko Materatsinin şikayəti səbəb olub. “İnter”də oynayan müdafiəçi məhkəmə prosesində onu təhqir edən deputata qalib gəlib.

Məsələnin kökü isə 4 il əvvələ gedib çıxır. 2005-ci ildə “Yuventus”la matçda rəqib futbolçu Zlatan İbrahimoviçə qarşı sərt oynayaraq zədələyən Materatsi sarı vərəqə ilə cəzalandırılmışdı. Sonradan isə o, İbrahimoviçdən üzr istəmişdi. Lakin o vaxt deputat olan Salerno Materatsinin meydandakı hərəkətlərini kəskin tənqid edərək, onu “başkəsən” adlandırmışdı. Bunu “həzm edə bilməyən” Marko məhkəməyə müraciət edib və 4 ildən sonra istəyinə çatıb.

Qeyd edək ki, Materatsi Salernoya qədər başqa bir şəxsin cəzalandırılması ilə məşhurlaşıb. Müdafiəçi 2006-cı ildə keçirilən dünya çempionatının final matçında Zinəddin Zidanı təxribata çəkməklə, onun meydandan qovulmasına nail olmuşdu. Beləliklə, İtaliya yığması dünya çempionu titulu qazanmışdı.
0