Yığmamızla oyunda kapitan sarğısını “uşaq” daşıyacaq
22.05.2009 - 16:58
Yığmamızla oyunda kapitan sarğısını “uşaq” daşıyacaq
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının növbəti rəqibi Uels yığmasının yeni kapitanının adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda yığmamızın qonağı olacaq britaniyalıları həmin qarşılaşmaya kapitan sarğısı ilə Co Ledli çıxaracaq.

Uels milli komandasının baş məşqçisi Con Toşakın seçimini cəmi 22 yaşlı “uşağ”ın üzərində dayandırması isə məcburiyyətdən irəli gəlir. Daha sanballı klublarda top qovan futbolçuların heyətdən kənarda qalması Toşakı çətin vəziyyətdə qoyub. İndiyədək yığmada 27 qarşılaşmada 2 qol vuran Co Uels çempionatında oynamaq istəməyib. O, hazırda İngiltərə səviyyəsinə görə ikinci dərəcəli sayılan Çempionşipdə yarışan “Kardiff Siti”nin şərəfini qoruyur.

Toşakın Bakı səfəri öncəsi problemləri yetərincədir. Dizindəki zədə ucbatından uzun müddətdir yaşıl meydanlara həsrət qalan Kreyq Bellaminin yoxluğu azmış kimi, baş məşqçi Saymon Devis, Karl Fletçer və Ceyson Kumas kimi aparıcı futbolçulara da dəvət göndərməyib. Belə vəziyyətdə Ledlinin kapitan olacağını iddia edən britaniyalılar bu sarğı uğrunda onun rəqiblərinin də olduğunu düşünür. Robert İrnşou və Eşli Uilyams da kapitanlığa layiq olsalar da, onların bəzi çatışmazlıqları var. Bellami sıraya dönəndə ehtiyat oyunçular skamyasına “köçəcək” İrnşou əsas heyətin daimi üzvü deyil. Uilyams isə həddindən artıq sakitdir, onun liderlik bacarığı yoxdur. Məhz bu amillər Ledliyə üstünlük qazandırıb.