Georgi Demetradze: “Bakı”da ehtiyatda oturmaq mənə çox pis təsir edir - MÜSAHİBƏ
22.05.2009 - 18:04
Georgi Demetradze: “Bakı”da ehtiyatda oturmaq mənə çox pis təsir edir - MÜSAHİBƏ
“Bakı” klubunun heyətində Azərbaycan çempionu olmuş gürcüstanlı hücumçu Georgi Demetradzenin apasport.az saytına müsahibəsi

- İlk dəfə Azərbaycan çempionu oldunuz. Buna qədər Gürcüstan və Ukrayna çempionluğunu da qazanmısınız. İndi hansı hissləri keçirirsiniz?
- Artıq üç qat çempionam. Üç müxtəlif ölkədə çempion olmağım yaxşı göstəricidir. Azərbaycan çempionu olduğuma görə çox sevinirəm. Yeganə təəssüf etdiyim məqam odur ki, az oynadım.

- İkinci dövrədə əsas heyətdən kənarda qaldınız. Daha çox ehtiyatda qalmağınıza səbəb nə idi?
- Mən bunu zədə amili ilə əlaqələndirirəm. Qışda təlim-məşq toplanışında xəsarət aldım. Bu, məni çox geri saldı. Nəticədə elə də çox oynamadım.

- Qazandığınız 3 müxtəlif ölkənin çempionluqları arasında hansı fərq var?
- Son illərdə Azərbaycan futbolu inkişaf edir. Futbolunuzun səviyyəsi qalxmaqdadır. Bunun da əsas səbəbi iş adamlarının, biznesmenlərin bu idman növünə böyük maliyyə vəsaiti qoymasıdır. Bu, legionerlərin Azərbaycana axını ilə nəticələnir. Həm də nəzərə almaq lazımdır ki, çempionatınızda legionerlərə limit yoxdur. Sadaladığım amillər futbolunuzun inkişafına səbəb olur. Düzdür, inkişaf səviyyəsinə görə hələ də Rusiya və Ukraynadan geri qalırsınız. Ancaq Azərbaycan futbolunda tərəqqi hiss olunur.

- Azərbaycan çempionluğu Gürcüstan və Ukraynada qazandığınız analoji uğurdan geri qalmır? Bu sıralamada hazırkı qızıl medal çəkisinə görə üçüncü sayılır?
- Yox. Niyə ki? Azərbaycan çempionu olduğuma görə çox şadam. Sevinirəm ki, ölkənizdə də qızıl medal qazandım. Çempionluq elə çempionluqdur. Bu, hər yerdə qiymətlidir. Gürcüstanda Tiflis “Dinamo”su, Ukraynada Kiyev “Dinamo”su ilə çempion olmuşam.

- Öz çıxışınızdan razı qaldınızmı?
- Əlbəttə yox. Çoxlu oyun buraxdım. Bu da dediyi kimi, zədə ilə bağlı idi. Ancaq ümumilikdə götürdükdə, hər şey normaldır. Əsas odur ki, qarşıda duran vəzifəni yerinə yetirdik, ölkə çempionu olduq.

- Bəs ötən yay “Bakı”ya transfer olunarkən çempion olacağınızı gözləyirdinizmi?
- Bəli. “Bakı” əvvəldən çempionluğu hədəfə almışdı. Komandamız çempion olmaq istədi və buna nail oldu.

- Bildiyimizə görə, “Bakı” ilə daha bir illik müqaviləniz var...
- Bəli.

- Bundan sonra komandada qalmaq istəyirsinizmi?
- Hələ müqaviləm var, vəziyyətə baxarıq. “Bakı”dakı taleyim haqda indidən heç nə deyə bilmərəm. Hələ bu haqda fikirləşməmişəm. Futbolçunun həyatı elədir ki, bilmək olar bu gün haradasan, sabah harada.

- Transferə çıxarılmağınızdan ehtiyatlanmırsınız?
- Bilmirəm. Bununla bağlı qərar klub rəhbərliyinə məxsusdur. “Bakı” ilə müqaviləmin müddəti bir il sonra bitəcək. Hər şey klub rəhbərliyindən asılı olacaq.

- Georgi Demetradze kimi tanınmış, təcrübəli futbolçuya ehtiyatda oturmaq necə təsir edir?
- Çox pis. Ümumiyyətlə, ehtiyatda oturmaq istər gənc, istərsə də yaşlı futbolçuya çox pis təsir edir.

- Siz üç ölkənin – Gürcüstan, Rusiya və Ukrayna çempionatında mövsümün bombardiri olmusunuz. Ancaq bizim Premyer Liqada 10 oyuna cəmi 2 qol vurdunuz. Bunu nə ilə izah etmək olar?
- Az oynadığıma görə az qol vurmuşam. Meydanda çox olsaydım, vəziyyət fərqli olardı.

- Ümumiyyətlə, Azərbaycan Premyer Liqasında qol vurmaq çətindir?
- Əgər yaxşı hazırlaşsan, elə də çətin deyil. Ancaq istənilən halda, qol vurmaq çətindir. Ümumiyyətlə, hər yerdə belədir.

- Qol vurmağa meydançalarımızın durumu nə dərəcədə təsir göstərir? Çempionatda hər iki qolunuzu süni örtüklü meydançada vurdunuz, təbii qazonda isə fərqlənə bilmədiniz...
- Burdakı stadionların qazonu çox pis vəziyyətdədir. Üstəlik, bəzi meydançaların örtüyü sünidir. Bu da pisdir. Futbolçuya təbi ot örtüyündə oynamaq daha rahatdır.

- Artıq 33 yaşınız var. Uzun müddətdir davam edən legioner karyeranızı başa vurub, vətəndə çıxış etmək istərdinizmi?
- Yox. Hələ ki vətənimə dönməyə hazırlaşmıram.

- Niyə?
- Çünki ölkədən kənarda oynamaq istəyirəm. Əlbəttə ki, buna gücüm var. Hələ 2-3 il də xaricdə oyana bilərəm.

- Vaxtilə Rusiya çempionu olan Nazim Süleymanov sizin kimi Vladiqafqazın “Alaniya” klubunun əsas hücumçularından olub. İndi o, “Bakı”nın məşqçisidir. Süleymanovla bir komandada özünüzü necə hiss edirsiniz?
- Çox əla. Süleymanov Vladiqafqazda böyük pərəstiş edilən futbolçu, oranın əfsanəsi olub. Onu Rusiyada hər yerdə tanıyırlar. Mənə çox xoşdur ki, Süleymanovla “Bakı”da bir komandanın üzvüyəm. O, uzun müddət Vladiqafqazda oynayıb, “Alaniya” ilə Rusiya çempionu olub. Süleymanovla tez-tez bu haqda söhbətləşirik.

- Başa çatan Azərbaycan Premyer Liqasında ən çox hansı futbolçu xoşunuza gəldi?
- Amiran Muciri.

- Muciri həmyerliniz, “Bakı”da komanda yoldaşınız olduğu üçün onu fərqləndirirsiniz?
- Amiranı təkcə “Bakı”nın yox, Azərbaycanda ən yaxşı futbolçu sayıram.

- “Bakı”da daha bir həmyerlin Georgi Adamiyadır. Bəs bir futbolçu kimi onun haqda fikirdəsiniz?
- Sözsüz ki, Adamiya da yaxşı futbolçudur. Amma Muciri çox yüksək səviyyəli futbolçudur.
0