AFFA və “Azercell”in birgə möhtəşəm tədbiri
24.05.2009 - 20:39
AFFA və “Azercell”in birgə möhtəşəm tədbiri
Bu gün AFFA ilə “Azercell Telekom” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Apasport.az saytının məlumatına görə, bununla bağlı “Hyatt Park” otelində təşkil olunan tədbirə AFFA prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, “Azercell”in prezidenti Əli Ağan, kişilərdən və qadınlardan ibarət milli komandamızın üzvləri, yığmamızın baş məşqçsi Berti Foqts, futbol ictimaiyyətinin nümayəndələri və digər qonaqlar qatılıb.

Açıq havada keçirilən bu möhtəşəm tədbirdə öncə AFFA prezidenti Rövnəq Abdullayev nitq söyləyib. O, bağlanacaq müqavilə sayəsində “Azercell” şirkəti ilə əməkdaşlığı genişləndirəcəklərini bildirib: “Bu gün böyük bir işin təməli qoyulur. Əslində, biz “Azercell” şirkəti ilə çoxdan əməkdaşlıq edirdik. İndi isə bu əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik”.

Futbolumuzun son vaxtlar inkişaf etdiyini deyən Abdullayev gələcəkdə başqa şirkətlərlə də əməkdaşlıq müqavilələri bağlayacaqlarına inamını ifadə edib: “Bildiyiniz kimi, ölkə prezidenti cənab İlham Əliyev futbolun inkişafına dair Dövlət Proqramı imzalayıb. Dövlət Proqramının imzalanmasından sonra futbolumuzda çoxlu müsbət dəyişikliklər baş verib və baş verəcək. “Azercell” futbolumuzun inkişafında özünəməxsus çəkiyə malikdir. İnanıram ki, bundan sonra başqa şirkətlərlə də əməkdaşlıq edəcəyik və futbolumuz dünya miqyasında öz layiqli yerini tutacaq”.

Daha sonra “Azercell”in prezidenti Ali Ağan çıxış edib. “Yeganə hədəfimiz Azərbaycana qürurverici şirkət olmaqdır” - deyən Ağan AFFA ilə birgə bir sıra layihələr həyata keçirəcəklərini vurğulayıb: “Bu, sponsorluq yox, ortaqlıq anlaşmasıdır. Biz futbolun inkişafı məqsədilə necə addım atılması baxımından birgə işlər görəcəyik. Azərbaycan futbolu üçün xeyirli olsun!”.

Ardından Abdullayev və Ağan əməkdaşlıq müqaviləsinə imza atıblar. Onlar bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər. Yığmamızın 14 nömrəli forması olan şəkli Ağana bağışlayan AFFA prezidenti zarafatca “Formanın üzərinə yığmanın futbolçuları qol çəkiblər. Bunu məhz ona görə sizə təqdim edirəm ki, kimə sponsorluq edəcəyinizi biləsiniz” deyib. “Azercell”in rəhbəri isə Abdullayevə söz verib: “Bu hədiyyəni elə bazar ertəsi öz iş otağımdan asacağam”.

Bundan sonra AFFA və “Azercell” prezidentləri kişilərdən və qadınlardan ibarət yığmamızın üzvləri ilə görüşüblər, xatirə şəkli çəkdiriblər. Tədbir bədii hissə ilə davam etdirilib.
0