“Türkiyə ilə oyunda nəticə önəmli deyil”
24.05.2009 - 21:06
“Türkiyə ilə oyunda nəticə önəmli deyil”
“Azərbaycan kubokunu qazanan “Qarabağ” klubunu təbrik edirəm. Sevindirici haldır ki, bu mükafata əksəriyyəti azərbaycanlı futbolçulardan qurulmuş komanda sahib çıxdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan futbol yığmasının baş məşqçisi Berti Foqts deyib.

63 yaşlı almaniyalı mütəxəssis müəyyən fasilədən sonra milli komandanın futbolçuları ilə ilk dəfə bu gün görüşdüyünü bildirib: “Bu səbəbdən onların durumu barədə nəsə demək tezdir. Amma istənilən halda, onlardan əvvəlkindən də yaxşı oyun gözləyirəm”.

Foqts vurğulayıb ki, iyunda yığmamızın keçirəcəyi 3 oyun arasında ən əhəmiyyətlisi Uelsə qarşı olacaq: “Çünki bu, dünya çempionatının seçmə mərhələsi çərçivəsində olacaq. Uelslilərə qarşı necə oynayacağımızı Türkiyə ilə matçdan sonra bildirəcəyəm. Təəssüf ki, Uelslə görüşdə 2 futbolçumuz – Saşa Yunusoğlu və Samir Abbasov forma geyinməyəcək. Onların hər ikisi cəza ucbatından bu rəsmi matçı buraxacaqlar”.

Baş məşqçi iyunun 2-də Kayseri şəhərində Türkiyə yığması ilə beynəlxalq yoldaşlıq görüşünə də xüsusi toxunub: “Bu oyunda nəticə önəmli deyil. Həmin matçda əsas məqsədimiz Ueslə qarşılaşmaya hazırlıq olacaq”.

Berti Foqts, həmçinin Rusiyanın “Lokomotiv” klubuna baş məşqçi təyin olunacağı barədə yayılan məlumata münasibət bildirməkdən boyun qaçırıb: “Belə suallara cavab vermək istəmirəm. Azərbaycanda cavan perspektivli futbolçular var. Biz onların peşəkar oyunçu kimi yetişib, milli komandaya fayda verməsinə çalışırıq”.

Qeyd edək ki, yığmamız iyunun 2-də Türkiyə, ayın 6-da Uels, ayın 9-da isə İspaniya ilə qarşılaşacaq.
0