“Bakı”nın Çempionlar Liqasında daha bir potensial rəqibi məlum oldu
25.05.2009 - 09:53
“Bakı”nın Çempionlar Liqasında daha bir potensial rəqibi məlum oldu
“Bakı” klubunun Çempionlar Liqasında (ÇL) daha bir potensial rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, İsrailin “Makkabi” (Hayfa) komandası sona bir tur qalmış səfərdə Netaniyanı təmsil edən adaşını 2:0 hesabı ilə məğlub etməklə, ölkə çempionluğunu qazanmasını rəsmiləşdirib. Bununla da komanda tarixi ərzində 11-ci dəfə çempionluğu bayram edib. Hayfa klubu son altı ildə artıq dördüncü dəfə qızıl medallara sahib çıxır.

“Makkabi” ÇL-də mübarizəyə Azərbaycan çempionu kimi təsnifat mərhələsindən başlayacaq və “Bakı” ilə görüşə bilər. Buna iyunun 22-də keçiriləcək püşkatmadan sonra aydınlıq gələcək. Əslində, Hayfa “Makkabi”si avrokuboklardan bizə yaxşı tanışdır və bu komandanın futbol tariximizə düşdüyünü desək, yanılmarıq. Məsələ ondadır ki, 10 il öncə Ağdamın “Qarabağ” klubu məhz bu komandanı İntertoto kubokunda (2:1 və 0:1) Müşfiq Hüseynovun “dubl”i sayəsində mübarizədən kənarlaşdırmışdı. Həmin vaxt komandanı “Neftçi”nin hazırkı baş məşqçisi Böyükağa Ağayev çalışdırırdı. “Qarabağ” bu qələbə ilə avrokuboklarda mərhələ keçən ilk klubumuz kimi tarixə düşdü.

Qeyd edək ki, İsveçrə çempionluğunu qazanan “Sürix” klubu da “Bakı”nın potensial rəqibi olsa da, onunla ən yaxşı halda üçüncü təsnifat mərhələsində görüşə bilərik. Yəni bunun üçün komandamızın mərhələ adlaması vacibdir. Sona bir tur qalmış “Bazel”i 4 xal qabaqlayan “Sürix” çempionluğu artıq özü üçün təmin edib. 12-ci dəfə İsveçrə çempionu olan sürixlilər son dörd mövsümdə üçüncü dəfə bu uğura nail olur.