Yığmamızın hücumçusu Moskva “Lokomotiv”ində!
25.05.2009 - 10:42
Yığmamızın hücumçusu Moskva “Lokomotiv”ində!
19 yaşlılardan ibarət milli komandamızın futbolçusu Tural İsgəndərov Rusiyanın “Lokomotiv” klubuna baxışa yollanıb. Apasport.az saytının məlumatına görə, 18 yaşlı hücumçu Moskva təmsilçisində sınaq prosesi keçəcək. Bakının “Neftçi” klubunun formasını daşıyan Tural çıxış etdiyi əvəzedici komandanın heyətində Azərbaycan çempionu olub. Başa çatan Azərbaycan Premyer Liqasında cəmi bir oyun keçirən İsgəndərov MOİK-lə görüşdə (3:1) meydana çıxıb. Həmin matçda sonradan meydana çıxaraq 53 dəqiqə oynayan hücumçu xoş təsir bağışlayıb və bir neçə qol imkanı da olub.

“Lokomotiv” rəsmiləri Turalın məhz bu oyununu videoyazısını izləyərək bəyəniblər və onu sınamağa razılıq veriblər. İsgəndərovun öncə Moskva təmsilçisinin əvəzedici komandasında yer alaraq, baxışdan keçəcəyi gözlənilir. Tural “Neftçi”nin sabiq baş məşqçisi, hazırda “Qarabağ”la Azərbaycan kubokuna sahib çıxan Qurban Qurbanovun bacısı oğludur.

Bir neçə dəfə Rusiya çempionu olan “Lokomotiv” hazırda turnir cədvəlində 9-cu yerdədir.