Foqts: Gedeni qovduğu üçün “Neftçi” rəhbərliyini təbrik edirəm
25.05.2009 - 11:36
Foqts: Gedeni qovduğu üçün “Neftçi” rəhbərliyini təbrik edirəm
“Neftçi”nin Hans-Yurgen Gede ilə bağlı çıxardığı qərarı dəstəkləyirəm. Onu istefaya göndərdiyi üçün “Neftçi” rəhbərliyini təbrik edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis ötən ilin sentyabrında həmyerlisi, eyni zamanda yığmadakı köməkçisi Gedenin “Neftçi”nin baş məşqçisi postuna təyinatında vasitəçi olduğunu etiraf edib: “Həqiqətən də onun “Neftçi”nin baş məşqçisi olmasında vasitəçilik etmişəm. Həmin vaxt Gedenin qarşısına 2 şərt qoymuşdum. Birincisi, o, yeni komandasında yığma üçün gənc yerli futbolçular yetişdirməli idi. İkincisi isə milli komandanın şərəfini qoruyan “Neftçi”nin üzvləri öz klublarında daha çox oynamaları idilər. Ancaq Gede bu şərtlərin heç birini yerinə yetirmədi”.

“Neftçi”də işlədiyi dövrdə Gedenin Foqtsla münasibətləri korlanıb. Hətta flaqmanın keçmiş baş məşqçisi Foqtsun zənglərinə də cavab vermirdi. Yığmamızın 63 yaşlı çalışdırıcısı bu məqama da toxunub: “İnanmıram ki, Gede indi də zənglərə cavab verə. Həm də mən ona daha zəng vurmaram. Axı, bu, mənim nəyimə lazımdır?”

Qeyd edək ki, Gede “Neftçi”dən martın 7-də qovulub. O, flaqmandakı fəaliyyəti zamanı 7 futbolçunu – Rəşad Sadıqov, Georgi Adamiya, Aleksandr Çertoqanov, Ruslan Abbasov, Elnur Allahverdiyev, Rəşad Sadiqov və Levent Kartopu komandadan uzaqlaşdırması ilə yadda qalıb.
0