Qurban Qurbanov rekord vurdu
25.05.2009 - 12:22
Qurban Qurbanov rekord vurdu
Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan futbol tarixinə düşüb. Apasport.az saytının hesablamalarına görə, 37 yaşlı Qurbanov Azərbaycan kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxs oldu.

Onun çalışdırdığı “Qarabağ” finalda Bakının “İnter” klubunu məğlub etməklə (1:0), tarixində üçüncü dəfə ölkə kubokunu qazandı. Qələbə topunun müəllifi ikinci hissədə penalti zərbəsini dəqiq yerinə yetirən milli komandamızın hücumçusu Vaqif Cavadov oldu. Qurbanov 2004-cü ildə “Neftçi”də çıxış edərkən komandanın kapitanı kimi, bu dəfə isə baş məşqçi kimi kuboku başı üzərinə qaldırdı. Bunadək onun keçmiş komanda yoldaşı Yunis Hüseynov siftə edə bilərdi. Ancaq “Neftçi”də oyunçu kimi kuboku qazanan 44 yaşlı veteran futbolçu 2006-cı ildə Yevlaxın “Karvan” klubunun baş məşqçisi kimi finalda elə “Qarabağ”a uduzmuşdu – 1:2.

Qurbanovun bu uğuru “İnter”dəki həmkarı Valentin Xodukinin isə futbol tariximizə düşməsinə əngəl oldu. Məsələ ondadır ki, 70 yaşlı ukraynalı Azərbaycan kubokunu qazanan ilk əcnəbi mütəxəssis ola bilərdi. Xodukin ardıcıl ikinci il “İnter”i finala çıxarsa da, yenə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həlledici oyunda uduzdu. Ötən mövsüm təcrübəli mütəxəssis Ağasəlim Mircavadovun çalışdırdığı “Xəzər-Lənkəran”a əlavə vaxtda (0:2) yenildi. Bundan bir əvvəl isə digər ukraynalı mütəxəssis İqor Nakoneçnı Respublika stadionunda finalda “Xəzər-Lənkəran”a uduzub (0:1).

Göründüyü kimi, ukraynalı mütəxəssislər ardıcıl üçüncü il finalda azərbaycanlı həmkarlarına məğlub olmaqla kuboka həsrət qalırlar. Elə “İnter” kuboku qazanmaq üçün ilk cəhdində də uğursuzluğa düçar oldu. Söhbət 2005-ci ildə Anatoli Konkovun çalışdırdığı komandanın Respublika stadionunda həlledici oyunda Əsgər Abdullayevin baş məşqçisi olduğu “Bakı”ya 1:2 hesabı ilə uduzmasından gedir. Hələ ki Azərbaycan kubokunun finalına çıxan əcnəbi mütəxəssislər yalnız ukraynalılardır.

Qeyd edək ki, Xodukin ölkəmizdə ilk titulu qazanan əcnəbi mütəxəssis kimi futbol tariximizə düşüb. O, ötən mövsüm “İnter”lə Azərbaycan çempionu olub.
0