Futbolçular yavaş-yavaş “Olimpik”dən gedirlər
25.05.2009 - 13:02
Futbolçular yavaş-yavaş “Olimpik”dən gedirlər
Bakının “Olimpik” klubunu daha iki futbolçu tərk edib. Apasport.az saytının məlumatına görə, müdafiəçi Ramin Quliyevlə braziliyalı hücumçu Leandro Qomeş komandada çıxışını başa vurmağa qərara alıb. Hər iki futbolçu komandanın baş məşqçisi Əsgər Abdullayevin rəhbərliyi altında “Bakı”da da oynayıb, Azərbaycan kubokuna sahib çıxıblar. Milliləşərək yığmamızda çıxış edən 33 yaşlı Qomeşin ümumiyyətlə, ölkəmizdə çıxışını başa vuraraq, xarici klubların birinə keçəcəyi istisna edilmir. 2004-cü ilin yayında Azərbaycana gələn Leandro hazırda ölkəmizdə çıxış edən əcnəbi futbolçular arasında ən çox oyun keçirəndir.

Onsuz da avrokuboklarda çıxış etməyən “Olimpik” heç bir futbolçunu sıralarından xaric etməyib. Hazırda futbolçular kimi məzuniyyətdə olan komandanın məşqçiləri vaxtın çox olduğuna görə heyətdəki dəyişiklər, gələnlər-gedənlərlə bağlı siyahını hələ tərtib etməyiblər. Paytaxt təmsilçisi müqaviləsi bitən futbolçuları danışıqlara dəvət etməyə hazır olsa da, anlaşmasının müddəti bitənlər özlərinə yeni klub axtarırlar. Necə ki bunadək “Olimpik”i əsas qapıçısı Rauf Mehdiyev tərk etdi. Milli komandamızın 33 yaşlı qapıçısı ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edəcək Zaqatalanın “Simurq” klubu ilə bir illik müqavilə imzalayıb. Raufu həmkarı Cahangir Həsənzadə əvəzləyəcək.

Ötən mövsümün ikinci yarısında oynamayan milli komandamızın 30 yaşlı sabiq qapıçısı yenidən Abdullayevin rəhbərliyi altında oynamağa qərar verib. Cahangir bunadək yığmalarda və “Şəfa”da bu mütəxəssislə çalışıb. “Qəbələ” klubunun qış fasiləsində transferə çıxardığı Həsənzadə özünə yeni klub tapa bilmədiyi üçün kənarda qaldı.
0