Aslan Kərimov: Biz öz işimizi gördük, növbə məşqçilərindir
25.05.2009 - 15:04
Aslan Kərimov: Biz öz işimizi gördük, növbə məşqçilərindir
“Artıq qazandığım kubokların sayını da itirmişəm. Bircə onu bilirəm ki, onların sayı az olmayıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Aslan Kərimov deyib.

36 yaşlı yarımmüdafiəçi həm komandasının tarixində, həm də öz karyerasında üçüncü dəfə kubok qazandığı final oyunundan sonra bu mükafatın digərlərindən fərqləndiyini bildirib: “Bu kubokun mənim üçün xüsusi yeri var. Çünki bu karyeramın sonuncu uğurlarından biridir. İndi məqsədimiz Avropa Liqasında layiqli çıxış etməkdir. Axı biz təkcə Azərbaycanı yox, Qarabağı və Ağdamı təmsil edəcəyik”.

Kərimov yay fasiləsində komandasında ciddi dəyişikliyə ehtiyac olmadığını düşünür: “Mənə elə gəlir ki, komandamız onsuz da yaxşı komplektləşib. Hərçənd, yaxşı futbolçuların çoxluğu heç vaxt heç kimə mane olmur. Biz futbolçular öz işimizi gördük. İndi növbə məşqçilər, seleksiyaçılar və agentlərindir. Onlar komandamızı gücləndirmək yolunda yaxşı çalışmalıdır”.
Qeyd edək ki, final oyununda “Qarabağ” “İnter”i 1:0 hesabı ilə məğlub edib.

mənbə: extratime.az
0