Futzal Federasiyası mövsümün ən yaxşılarını mükafatlandırdı
25.05.2009 - 16:26
Futzal Federasiyası mövsümün ən yaxşılarını mükafatlandırdı
Bu gün futzal üzrə ölkə çempionatının güclülər dəstəsinin mükafatçılarının təltif olunma mərasimi keçirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, mükafatlandırma mərasimi Bakı İdman Sarayında təşkil olunub. Tədbirdə AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, assosiasiyanın baş katibi Elxan Məmmədov, Futzal Federasiyasının prezidenti Zaur Axundov, “Neftçi” İSM-in icraçı-direktoru Sadıq Sadıqov iştirak ediblər. Qalibləri təbrik edən Əliyev son vaxtlar ölkə futbolunun inkişafı istiqamətində görülən işlərdən danışıb və futzalçılarımızın nailiyyətlərinin davam edəcəyinə inandığını deyib.

Daha sonra ölkə çempionatını ilk “üçlük”də başa vurmuş komandalar öz medallarını alıblar. Beləliklə, “Araz”a qızıl, “Neftçi”yə gümüş, “Azmetko”ya isə bürünc medallar və diplomlar təqdim edilib. Oyunları idarə edən hakimləri, eləcə də matçlar zamanı zədələnən futzalçılara ilk tibbi yardım göstərən Esmiralda Ələkbərovanı, oyunların katibi Abbas Əzimovu da mükafatlandıran Futzal Federasiyası bir neçə nominasiya üzrə mövsümün ən yaxşılarını da seçməyi yaddan çıxarmayıb.

Belə ki, mövsümün ən yaxşı məşqçisi “Azmetko”nun çalışdırıcısı İlqar Aslanov, ən yaxşı oyunçusu Maşado Nilson dos Santos, qapıçısı “Neftçi”nin qolkiperi Ramin Həsənzadə seçilib. Onlarla yanaşı, vurduğu 35 qolla mövsümün ən yaxşı bombardiri adını qazanan “Ekol”un futzalçısı Radik Əhmədov da mükafatlandırılıb.
0