“Mançester Yunayted” - “Barselona” matçı yenə Buzakkaya tapşırıldı
25.05.2009 - 16:29
“Mançester Yunayted” - “Barselona” matçı yenə Buzakkaya tapşırıldı
UEFA Çempionlar Liqasının (ÇL) final oyununu idarə edəcək hakimlərin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mayın 27-də İtaliyanın paytaxtı Romada İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Barselona” klubları arasında həlledici görüşü 40 yaşlı isveçrəli hakim Massimo Buzakka idarə edəcək. Ona həmyerliləri Mattias Arne, Françesko Buraqina və Klaudio Çirçetta yardımçı olacaq.

Buzakka UEFA bayrağı altında 77 oyun idarə edib ki, bunun 32-si ÇL görüşüdür. O, 2006/07 mövsümündə UEFA kubokunun finalında “Sevilya” – “Espanyol” oyununda, ötən yay Avropa çempionatının final mərhələsində üç görüşdə baş hakim olub. Yarımfinalda Almaniya – Türkiyə matçını idarə edən Buzakka AÇ-də beş sarı vərəqə göstərib və penalti zərbəsi təyin etməyib.

Qeyd edək ki, Buzakka ÇL-də “Mançester” – “Barselona” oyununu idarə edib. Bu, ötən mövsüm Barselonada keçirilən görüş olub və qolsuz heç-heçə nəticələnən matçda qonaqların portuqaliyalı ulduz futbolçusu Kriştianu Ronaldo penalti zərbəsini dəqiq yerinə yetirməyib.
0