Azərbaycan Premyer Liqasında legioner limiti yenidən dəyişdirilir
25.05.2009 - 16:47
Azərbaycan Premyer Liqasında legioner limiti yenidən dəyişdirilir
Azərbaycan Premyer Liqasının 2009/10 mövsümündə legionerlərə yeni limit tətbiq olunacaq. Apasport.az saytının məlumatına görə, bunu futbol üzrə yığmamızın baş məşqçisi Berti Foqts deyib. O bildirib ki, növbəti çempionatda əcnəbi futbolçulara məhdudiyyət qoyulacaq.

“Mənə bu barədə dəqiq məlumat veriblər. Nə olsun ki, bununla bağlı rəsmi qərar çıxarılmayıb? Bu, mənim irəli sürdüyüm şərtlərdən biridir. Daxili çempionatda mübarizə aparan hər klubda ən azı 5 azərbaycanlı futbolçu oynamalıdır. Legionerlərin hesabına milli komandanın səviyyəsini qaldırmaq qeyri-mümkündür” - deyə Foqts vurğulayıb.

AFFA ilə müqaviləsi bu ilin dekabrında bitəcək almaniyalı çalışdırıcı razılaşmanın müddətini uzatmaq istəyir. Bu məqsədlə Avropa çempionu tezliklə assosiasiya rəsmiləri ilə danışıqlara başlamaq fikrindədir: “Müqavilənin vaxtının başa çatmasını gözləməyəcəyəm. Danışıqlar bir neçə ay öncə olacaq. Şəxsən mən vəzifəmdə qalmaq istəyirəm. Özü də biz müqavilənin detallarını dost kimi müzakirə edəcəyik. Gözünüz qarşısına hansısa klubun baş məşqçisinin yeni müqavilə bağlamaq üçün apardığı danışıqlar gəlməsin. Mən AFFA rəsmiləri ilə dostam. Mənim baş məşqçi postunda qalmağım əsas deyil. Əsas odur ki, bizim ümumi konsepsiyamız işləsin”.
0